İnformasiya müharibələri, dezinformasiya və rəqəmsal manipulyasiyaların qlobal informasiya məkanına təsirinin artdığı bir dövrdə medianın həqiqətin qorunması və etimadın formalaşdırılmasındakı rolu yenidən diqqət mərkəzinə çıxıb. Məhz bu çağırışlar fonunda Şuşada keçirilən IV Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirərək qlobal informasiya gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrildi.
Bu barədə 1xeber.media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib ki, onların artıq Azərbaycan haqqında şəxsi təəssüratları formalaşacaq:
“Ölkələrinə qayıtdıqdan sonra hazırlayacaqları hesabatlarda da bu məsələlərə istər-istəməz toxunacaqlar. Azərbaycanda Qlobal Media Forumunun keçirilməsi, forumun açılışında şəxsən dövlət başçısının iştirak edərək çıxış etməsi, jurnalistlərin suallarını cavablandırması, aktual və həssas məsələlərə açıq münasibət bildirməsi ölkədə formalaşmış demokratik mühiti nümayiş etdirir. Bu, Azərbaycanın nə dərəcədə açıq cəmiyyət olduğunu göstərən mühüm amillərdən biridir. Bu gün xaricdə fəaliyyət göstərən müəyyən anti-Azərbaycan mərkəzləri və onların ölkə daxilində dəstəklədiyi radikal müxalifət dairələri Azərbaycan haqqında beynəlxalq ictimaiyyətə həqiqətə uyğun olmayan məlumatlar çatdırmağa çalışırlar. Xaricdə müxtəlif maliyyə mənbələrinin dəstəyi ilə fəaliyyət göstərən, Azərbaycan əleyhinə yalan məlumatlar yayan blogerlərin iddiaları isə belə media forumlarında ifşa olunur. Reallıq onların təqdim etdiyi kimi deyil”.
O deyib ki, belə media forumları bundan sonra da Azərbaycanda keçiriləcək:
“Təkcə forum günlərində deyil, digər vaxtlarda da həm yerli, həm də xarici media nümayəndələri Azərbaycanla bağlı reallıqları sərbəst şəkildə işıqlandıra biləcəklər. Azərbaycan dövləti onların müstəqil fəaliyyət göstərməsi üçün hər zaman təminatçı olacaq. Media müstəqilliyinin təmin edilməsi, eyni zamanda media adı altında yayılan yalan və böhtan xarakterli məlumatlara qarşı mübarizə bu gün bəşəriyyətin üzləşdiyi ciddi problemlərdən biridir. Hər bir ölkə bu istiqamətdə öz siyasətini həyata keçirir və Azərbaycan da bu sahədə öz təcrübəsini ortaya qoyur. Artıq dördüncü dəfədir ki, Şuşada Qlobal Media Forumu keçirilir. Bu fakt Azərbaycanın həm medianın müstəqilliyinə, həm də saxta xəbərlərlə mübarizəyə nə qədər ciddi yanaşdığını göstərir”.
Deputatın sözlərinə görə, forum kifayət qədər genişmiqyaslı və əhəmiyyətli idi:
“Tədbirdə 54 ölkədən 160 nümayəndə iştirak edib. Onlar öz ölkələrinin tanınmış media təmsilçiləridir və mövqeləri cəmiyyət tərəfindən diqqətlə izlənilir. Onların Azərbaycana səfəri həm qlobal media qarşısında duran çağırışların müzakirəsinə, həm Azərbaycanın bu məsələlərə yanaşmasının öyrənilməsinə, həm də ölkəmizin reallıqları ilə yaxından tanış olmalarına imkan yaratdı. Eyni zamanda, Prezidentin işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı səsləndirdiyi fikirlər də forum iştirakçılarına Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işlərini yaxından görmək və bu barədə obyektiv təsəvvür formalaşdırmaq imkanı verdi”.
Aysel

















