Bu gün dünya mediasının diqqət mərkəzində olan hadisələrdən biri Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdir. Azərbaycan Prezidenti bu tədbirdə iştirak etməklə bir tərəfdən 53 ölkədən 160 nümayəndənin, o cümlədən 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun, eləcə də media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın iştirak etdiyi “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunmuş IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini, beynəlxalq nüfuzunu və davamlı xarakterini vurğuladı. Digər tərəfdən isə müasir medianın inkişafı, informasiya məkanında etimadın bərpası və beynəlxalq jurnalist platforması vasitəsilə regionda formalaşmış yeni geosiyasi reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından Azərbaycanın mövqeyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Forum çərçivəsində Azərbaycanın artıq orta güc statusuna malik bir dövlət kimi qlobal sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək əzmini beynəlxalq ictimaiyyətə bir daha bəyan etdi.
1xeber.media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O bildirib ki, bu gün dünyamız həqiqətən də çox çətin zamanlar, transformasiya dövrünü yaşayır. Davam edən müharibələr, böyüməkdə olan münaqişə ocaqları, dünya dövlətlərinin bir-biri ilə yola gedə bilməməsi kimi məsələlər kritik həddə çatıb. Bu da, öz növbəsində, beynəlxalq medianın bir sıra suallarının formalaşmasına gətirib çıxarır. Təbii ki, gündəmdə duran ən əsas məsələ medianın sülhün təşviqində cəmiyyətə düzgün məlumatın çatdırılmasıdır. Təəssüflər olsun ki, bu gün biz real həyatımızda dezinformasiya və qarayaxma kampaniyası kimi mənfi halların sıx-sıx şahidi oluruq. Lakin bu kimi halların qarşısının alınması hər bir cəmiyyətin və ölkənin davamlı inkişafının təmin olunması üçün çox vacibdir. Prezident İlham Əliyev üç saata yaxın davam edən görüşdə ən həssas məsələlərə toxunaraq, Azərbaycanın qarşısında duran çağırışların yerinə yetirildiyini bir daha Qlobal Media Forumu vasitəsilə bütün dünyaya çatdırdı.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev forum çərçivəsində sualları cavablandırarkən Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərə də toxunub. Dövlətimizin başçısı bildirib ki, son illər bu platformada əməkdaşlığın dayanıqlılıq, qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişafına mane olan yanaşmalar müşahidə olunur. Ölkə başçısının vurğuladığı kimi, beş il ərzində onlar Azərbaycanı hədəf alan 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil və burada hər hansı məsələyə təsir etmir. Bununla belə, Azərbaycan hər zaman konstruktiv dialoqun tərəfdarı olub, beynəlxalq təşkilatlarla əməkdaşlığını qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsasında qurmağa üstünlük verib. Əlbəttə, gələcəkdə AŞPA ilə münasibətlərin yeni formatda, qarşılıqlı etimad, bərabərlik, tam bərpa etdiyimiz suverenliyimizə hörmət və siyasi qərəzdən uzaq əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi həm təşkilatın nüfuzunun artmasına, həm də Avropa məkanında sağlam dialoqun formalaşmasına xidmət edəcək.
“Azərbaycanın həyata keçirdiyi sülhsevər siyasət, regional sabitlik və əməkdaşlığa verdiyi töhfələr, eləcə də IV Şuşa Qlobal Media Forumu vasitəsilə beynəlxalq tərəfdaşlıqlara açıq mövqeyini bəyan etməsi ölkəmizin beynəlxalq institutlarla münasibətlərinin gələcəkdə qarşılıqlı etimad üzərində daha dayanıqlı şəkildə inkişaf edəcəyini ortaya qoyur”, - deyə M.Əfəndiyev vurğulayıb.

















