Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin
mətbuata bəyanatları bir daha göstərdi ki, iki ölkə arasında siyasi dialoq yeni mərhələyə
qədəm qoyur. Bu münasibətlərin əsas üstünlüyü ondan ibarətdir ki, əməkdaşlıq yalnız
diplomatik təmaslarla məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji, humanitar və regional
məsələlər üzrə ortaq maraqlara söykənir. Şuşada keçirilən görüşün özü xüsusi siyasi məna
daşıyır. Bu gün Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də mühüm
beynəlxalq təmasların həyata keçirildiyi nüfuzlu platformaya çevrilib. Dost və tərəfdaş ölkələrin
dövlət başçılarının məhz bu şəhərdə qəbul edilməsi Azərbaycanın azad olunmuş ərazilərdə
yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbulunun növbəti ifadəsidir.
Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər Azərbaycanın xarici
siyasətində etibarlı tərəfdaşlıq prinsipinə sadiq qaldığını bir daha nümayiş etdirib. Slovakiya ilə
münasibətlərin inkişafına verilən önəm də məhz bu siyasətin tərkib hissəsidir. Qarşılıqlı
səfərlərin intensivləşməsi, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi və konkret
layihələrin həyata keçirilməsi iki ölkənin əməkdaşlığının uzunmüddətli perspektivə
hesablandığını göstərir. Beynəlxalq münasibətlər sistemində mürəkkəb geosiyasi proseslərin
davam etdiyi bir dövrdə etimada əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan bu baxımdan qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu əməkdaşlıq modelini
uğurla həyata keçirən dövlət kimi diqqət çəkir. Slovakiya ilə münasibətlərin inkişafı da məhz
qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır ki, bu da əlaqələrin
davamlılığını təmin edən əsas amillərdəndir. Şuşadan verilən mesajlar onu da göstərdi ki,
Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsində açıq dialoqa və konstruktiv
tərəfdaşlığa üstünlük verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz müxtəlif
istiqamətlərdə əməkdaşlıq üçün əlverişli imkanlar təqdim edir və bu imkanlardan qarşılıqlı
fayda əsasında istifadə olunması hər iki tərəfin maraqlarına cavab verir.
Azərbaycan–Slovakiya münasibətləri artıq yeni keyfiyyət mərhələsinə yüksəlir. Siyasi
dialoqun intensivləşməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və əməkdaşlığın konkret
nəticələrə yönəlməsi iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Şuşada keçirilən görüş isə bu strateji tərəfdaşlığın inkişaf tarixində mühüm mərhələ kimi
qiymətləndirilə bilər.
Cavanşir Nəsirov,
Sabirabad rayon Ulacalı kənd sakini, təqaüdçü

















