Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının
Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşa
şəhərində verdiyi bəyanat Azərbaycan Respublikasının müstəqil xarici siyasət kursunun
uğurlarını, ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artdığını və Avropa dövlətləri ilə qarşılıqlı
hörmət, bərabərlik və etimada əsaslanan əməkdaşlıq modelinin daha da möhkəmləndiyini
nümayiş etdirən mühüm siyasi hadisədir. Şuşada səsləndirilən fikirlər gələcək əməkdaşlığın
əsas istiqamətlərini müəyyən edən strateji baxışın ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici
siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş,
sözünə və fəaliyyətinə sadiq dövlət kimi tanınır. Bu gün dünyanın müxtəlif siyasi və iqtisadi
mərkəzləri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Slovakiya ilə münasibətlərin son
illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də bunun parlaq nümunələrindən biridir.
Slovakiya Prezidenti Peter Pelleqrinin rəsmi səfərinə məhz Şuşadan başlaması təsadüfi
deyil. Bu addım Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və regionda yaradılmış yeni
reallıqlara verilən açıq siyasi dəstəyin ifadəsidir. Şuşa bu gün Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramı nəticəsində
dünyanın diqqət mərkəzində olan şəhərlərdən birinə çevrilmişdir. Artıq Şuşa beynəlxalq
konfranslara, yüksək səviyyəli dövlət görüşlərinə, mədəni tədbirlərə və diplomatik danışıqlara
ev sahibliyi edir. Xarici dövlət başçılarının Şuşaya səfərləri Azərbaycanın tarixi Zəfərinin
beynəlxalq səviyyədə qəbul edildiyini və Qarabağın ölkəmizin ayrılmaz hissəsi kimi tanındığını
bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, Slovakiya ilə siyasi əlaqələr
yüksək səviyyədədir və qarşılıqlı səfərlər artıq müntəzəm xarakter almışdır. Bu fikir əslində
son illər ərzində formalaşmış qarşılıqlı etimadın və strateji əməkdaşlığın ən dolğun ifadəsidir.
Dövlətlər arasında yüksək səviyyəli siyasi dialoqun davamlı olması münasibətlərin gələcəyinə
inamı artırır, yeni layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır və beynəlxalq
platformalarda qarşılıqlı dəstəyi gücləndirir.
Prezident İlham Əliyev Slovakiyaya etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq
Prezident Peter Pelleqriniyə göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Diplomatik
münasibətlərdə qarşılıqlı hörmət və səmimiyyət xüsusi əhəmiyyət daşıyır. Məhz bu amillər iki
ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə müsbət təsir göstərir. Dövlət başçısının
vurğuladığı kimi, bu gün Azərbaycan ilə Slovakiya arasında münasibətlər yalnız siyasi
dialoqdan ibarət deyil. Əməkdaşlıq iqtisadiyyat, energetika, nəqliyyat, müdafiə sənayesi,
humanitar əlaqələr, innovasiya, rəqəmsal inkişaf və digər mühüm istiqamətləri əhatə edir.
Prezident İlham Əliyevin nümayəndə heyətlərinin geniş tərkibinə diqqət çəkməsi də
təsadüfi deyildi. Bu, onu göstərir ki, Azərbaycan və Slovakiya münasibətləri artıq institusional
xarakter daşıyır. Müxtəlif nazirliklər, dövlət qurumları və şirkətlər arasında qurulan əməkdaşlıq
əlaqələri münasibətlərin davamlı inkişafına xidmət edir. Ən vacib məqam isə ondan ibarətdir
ki, bu münasibətlər yalnız müzakirələr səviyyəsində qalmır, konkret layihələr və real nəticələrlə
müşayiət olunur. Azərbaycan konkret işlərin tərəfdarıdır və bütün tərəfdaşlıqlar praktik
nəticələr əsasında qurulur.
Şuşada səsləndirilən ən mühüm mesajlardan biri 2024-cü ildə Azərbaycan ilə Slovakiya
arasında imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin uğurla icra olunması
barədə idi. Xüsusi qeyd etdi ki, həmin sənəd artıq real əməkdaşlıq mexanizminə çevrilmişdir.
Bu, dövlətlər arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Strateji tərəfdaşlıq
statusu dostluq münasibətlərindən əlavə uzunmüddətli siyasi koordinasiyanı, qarşılıqlı dəstəyi
və ortaq maraqların müdafiəsini nəzərdə tutur. Azərbaycanın müxtəlif Avropa dövlətləri ilə
imzaladığı belə sənədlər ölkəmizin beynəlxalq nüfuzunun artmasının və etibarlı tərəfdaş kimi
qəbul edilməsinin nəticəsidir.
Prezident İlham Əliyev bəyanatında xüsusi minnətdarlıq hissi ilə Slovakiyanın
Qarabağın bərpasında fəal iştirak etdiyini vurğuladı. Bu gün işğaldan azad olunmuş
torpaqlarda həyata keçirilən quruculuq işləri dünya miqyasında ən böyük bərpa
proqramlarından biri hesab olunur. Azərbaycan dövləti qısa müddət ərzində bölgədə yüzlərlə
kilometr avtomobil və dəmir yolu çəkmiş, beynəlxalq hava limankarı istifadəyə vermiş, elektrik
stansiyaları, su anbarları, tunellər və digər mühüm infrastruktur layihələrini reallaşdırmışdır.
Bununla yanaşı, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma
torpaqlarına qayıdışı təmin edilir.
Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi "Ağıllı
kənd" layihəsi bu əməkdaşlığın ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyev və
Prezident Peter Pelleqrinin həmin layihə ilə yerində tanış olması iki ölkə arasında
münasibətlərin konkret nəticələr verdiyini nümayiş etdirir. Müasir texnologiyalar əsasında
qurulan ağıllı kənd modeli Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm
istiqamətlərindən biridir. Burada alternativ enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri,
müasir kommunal xidmətlər və ekoloji cəhətdən dayanıqlı infrastruktur yaradılır. Slovakiyanın
bu layihədə iştirakı isə qarşılıqlı etimadın və dostluğun real təzahürüdür.
Prezident İlham Əliyevin Qarabağın bərpasına göstərilən dəstəyə görə Slovakiya
rəhbərliyinə təşəkkür etməsi Azərbaycanın dost və tərəfdaş ölkələrlə əməkdaşlığa verdiyi
yüksək dəyərin göstəricisidir. Dünyanın müxtəlif ölkələrinin şirkətləri bu tarixi quruculuq
prosesində iştirak edir və Azərbaycanın yaratdığı yeni iqtisadi imkanlardan faydalanırlar.
Şuşada aparılan müzakirələr zamanı iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi də
əsas mövzulardan biri olmuşdur. Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar,
biznes mühitinin təkmilləşdirilməsi, sənaye parklarının yaradılması və nəqliyyat-logistika
imkanlarının genişləndirilməsi xarici investorlar üçün əlverişli şərait formalaşdırmışdır.
Slovakiya şirkətlərinin Azərbaycan bazarında daha fəal iştirak etməsi hər iki ölkənin iqtisadi
maraqlarına tam uyğundur.
Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin strateji istiqamətlərindən biri
olaraq qalır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropanın enerji
təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşa çevrilmişdir. Cənub Qaz Dəhlizi,
TANAP və TAP layihələri Azərbaycanın enerji siyasətinin uğurlarını bütün dünyaya nümayiş
etdirir. Hazırda Azərbaycan qazı Avropanın bir çox ölkəsinə ixrac edilir və bu coğrafiya ildən-
ilə genişlənir. Slovakiya da enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu
yüksək qiymətləndirən dövlətlərdən biridir.
Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm
perspektivlər açır. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunmuşdur. Günəş və
külək elektrik stansiyalarının tikintisi, alternativ enerji layihələrinin həyata keçirilməsi
Azərbaycanın enerji strategiyasında yeni mərhələ təşkil edir. Slovakiyanın bu sahədəki
təcrübəsi gələcək əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hərbi-texniki əməkdaşlıq da prioritet
istiqamətlərdən biridir. Müasir beynəlxalq təhlükəsizlik mühitində dövlətlər arasında bu sahədə
əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycan öz milli təhlükəsizliyinin təmin olunması
istiqamətində ardıcıl siyasət həyata keçirir və tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələrini genişləndirir.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən mühüm məqamlardan biri də
Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə gəlməməsi ilə bağlı fikirlər idi. Dövlət başçısı
qeyd etdi ki, Peter Pelleqrini əvvəlki vəzifələrində – Slovakiya parlamentinin sədri, Baş nazir
və daha sonra Prezident kimi dəfələrlə Azərbaycana səfər etmişdir. Bu ardıcıl təmaslar iki ölkə
arasında münasibətlərin təsadüfi deyil, davamlı və strateji xarakter daşıdığını göstərir.
Prezident Peter Pelleqrinin COP29 çərçivəsində Azərbaycanda iştirakı da ölkəmizin
beynəlxalq nüfuzunun daha bir göstəricisi olmuşdur. Azərbaycanın qlobal iqlim gündəliyində
fəal rol oynaması, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və beynəlxalq
təşkilatlar çərçivəsində fəal fəaliyyəti ölkəmizin dünya siyasətində artan rolunu bir daha
təsdiqləyir.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi "biz konkret işlərin tərəfdarıyıq" fikri
Azərbaycanın xarici siyasət fəlsəfəsinin mahiyyətini tam əks etdirir. Son iyirmi ildən artıq
dövrdə ölkəmizin əldə etdiyi bütün uğurlar məhz bu prinsip üzərində qurulmuşdur.
Azərbaycanın həyata keçirdiyi enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri, regional
əməkdaşlıq təşəbbüsləri, Qarabağda aparılan quruculuq işləri və beynəlxalq tərəfdaşlıqların
genişlənməsi bunun ən parlaq nümunələridir.
Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropa ilə
Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrilmişdir. Orta Dəhlizin inkişafı,
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının genişləndirilməsi ölkəmizin geostrateji
əhəmiyyətini daha da artırmışdır. Slovakiya ilə əməkdaşlığın inkişafı da bu prosesə mühüm
töhfə verir.
Şuşada verilən bəyanatlar bir daha sübut etdi ki, Azərbaycan-Slovakiya münasibətləri
qarşılıqlı etimada, dostluğa və strateji maraqlara əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu davamlı olaraq
artırır, yeni tərəfdaşlıqlar yaradır və Azərbaycanın Avropada etibarlı tərəfdaş mövqeyini daha
da möhkəmləndirir. Qarabağın bərpasında dost ölkələrin iştirakı, strateji tərəfdaşlıq
sənədlərinin uğurla icrası, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, humanitar əlaqələrin
inkişafı göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri bundan sonra da yüksələn xətt üzrə
inkişaf edəcək və hər iki xalqın rifahına, regionda sülhün, sabitliyin və əməkdaşlığın
möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru

















