1xeber.media xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının Rusiyada terror aktları üçün istifadə ediləcək partlayıcı maddələri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə ölkəyə keçirdiyini iddia edib.
Rusiya təhlükəsizlik orqanlarının məlumatına görə, bu üsul partlayıcı maddələrin çatdırılmasının əsas yollarından biri hesab olunur. İddiaya əsasən, partlayıcı yüklər zərbəyə davamlı konteynerlərə yerləşdirilir və PUA-lar vasitəsilə müəyyən edilmiş əraziyə atılır. Daha sonra isə həmin yüklər əvvəlcədən cəlb edilmiş şəxslər tərəfindən götürülür.
Bundan əvvəl Rusiya FTX-nin bir sıra terror aktlarının qarşısını aldığı barədə məlumat yayılmışdı. Rusiya tərəfi bu əməliyyatların Ukrayna hərbi kəşfiyyatının polkovniki Vitali Jikoviç tərəfindən hazırlandığını iddia edib.
Məlumata görə, Jikoviç Kiyevdə saxlanılıb və ona Monakoda biznesmen Vadim Yermolayevə qarşı həyata keçirilən hücumla bağlı iş üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, bu məlumatlar Rusiya təhlükəsizlik orqanlarının açıqlamalarına əsaslanır. İddialar digər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

















