1xeber.media xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova VK və "Maks" tətbiqlərinin Google Play mağazasından silinməsini senzura aktı kimi qiymətləndirib.
"Qərb senzurasının klassik nümunəsidir", – deyə Zaxarova Rusiya xidmətlərinin Google Play-dən yoxa çıxmasını şərh edib.
Bundan əvvəl Rusiya Dövlət Dumasının informasiya siyasəti komitəsinin üzvü Anton Nemkin də yerli tətbiqlərin Google Play-dən silinməsinə münasibət bildirib. Deputat xarici platformalara arxalanmamağa çağırıb.
Məlumata görə, iyulun 16-da, cümə axşamı günü VK sosial şəbəkəsinin tətbiqi və Rusiyanın "Maks" messenceri Google Play mağazasından yoxa çıxıb. VK şirkəti bildirib ki, artıq quraşdırılmış xidmətlər və tətbiqlər normal işləyir, istifadəçilər bildirişləri almağa davam edəcəklər.
Daha sonra "Zen", "Odnoklassniki" və Mail.ru xidmətlərinin tətbiqlərinin də mağazadan silindiyi bildirilib.
Qeyd edək ki, tətbiqlərin silinməsi ilə bağlı səbəblər və qərarın kim tərəfindən qəbul edildiyi barədə bütün tərəflərin açıqlamaları eyni deyil.

















