Medianın İnkişafı Agentliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü ilə 2026-cı ilin 10 yanvar – 11 aprel tarixlərində Bakı, Quba və Lənkəranda həyata keçirilən “Mediada Azərbaycan dili” mövzusunda təlim proqramı uğurla yekunlaşıb.
1xeber.media xəbər verir ki,təlim proqramının əsas məqsədi media nümayəndələrinin Azərbaycan ədəbi dilinin normaları ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirmək, audiovizual mediada dil mədəniyyətinin yüksəldilməsinə və peşəkar nitq mühitinin formalaşdırılmasına töhfə vermək olub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra layihəyə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, informasiya mühitinin sürətlə dəyişdiyi, rəqəmsal platformaların təsirinin artdığı bir dövrdə jurnalistlərin peşəkar bacarıqları ilə yanaşı, Azərbaycan dilinin norma və qaydalarına dərindən bələd olmaları xüsusi əhəmiyyət daşıyır. O diqqətə çatdırıb ki, dövlət dilinin mediada düzgün və səlis tətbiqi cəmiyyətin etibarlı informasiya ilə təmin olunmasına və peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə xidmət edir. Bundan əlavə, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın müəllifi olduğu və bu yaxınlarda çapdan çıxan “Sosial media” dərs vəsaiti ilə bağlı danışan Ə. İsmayılov kitabın peşəkar jurnalist kadrların hazırlanmasına mühüm töhfə verəcəyini bildirib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov isə qeyd edib ki, efir məkanı cəmiyyət üçün nümunə rolunu oynadığından aparıcıların, jurnalistlərin və digər media nümayəndələrinin nitq mədəniyyətinə xüsusi diqqət yetirməsi vacibdir. O vurğulayıb ki, Azərbaycan dilinin zəngin ifadə imkanlarının qorunması, dil normalarının efirdə düzgün tətbiqi və peşəkar nitq vərdişlərinin inkişaf etdirilməsi milli media mühitinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan dilinin xalqımızın milli kimliyini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən biri olduğunu bildirib. O qeyd edib ki, dövlət dilinin qorunması və inkişafı hər bir vətəndaşın borcudur. Bu işdə medianın rolu isə xüsusilə böyükdür. Televiziya, radio, qəzetlər, xəbər saytları və sosial media insanların gündəlik istifadə etdiyi əsas informasiya mənbələridir. Ona görə də mediada işlədilən dil cəmiyyətin nitq mədəniyyətinə birbaşa təsir göstərir. Rektor Azərbaycan dilinin saflığının qorunmasına daim həssaslıqla yanaşan Prezident İlham Əliyevin həm Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışında, həm də 2026-cı il 5 yanvar tarixində Azərbaycan televiziyalarına verdiyi müsahibədə bu mövzunun əhəmiyyətinə dair səsləndirdiyi fikirlərin hər kəs üçün yol xəritəsi olduğunu vurğulayıb: “BDU ölkəmizdə filologiya, Azərbaycan dili və ədəbiyyatını tədris edən, peşəkar jurnalistləri yetişdirən əsas elm və təhsil mərkəzidir. 2026-cı il 15 yanvar tarixində BDU-da ölkəmizin bütün radio və televiziya şirkətlərinin rəhbərləri, MEDİA Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası rəhbərlərinin və nüfuzlu alimlərin iştirakı ilə “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda Respublika elmi-praktik konfransı təşkil etdik. Konfransda media rəhbərləri ilə birgə müasir media mühitində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələləri müzakirə olundu. BDU ilə MEDİA Agentliyi, Audiovizual Şura və audiovizual media subyektlərinin ana dilimizin saflığının qorunması istiqamətində birgə fəaliyyəti, əvvəlki layihələrdə olduğu kimi, bu dəfə də öz müsbət nəticəsini verdi. AzTV-nin Teleradio Akademiyasının “Mediada Azərbaycan dili” təlim proqramında BDU-nun alimləri də yaxından iştirak edib. BDU-nun kafedra müdirləri - professor Qulu Məhərrəmli, dosentlər Aynur Nəsirova və Xatirə Hüseynovanın da müəlliflər arasında olduğu, təlimin stenoqramları əsasında hazırlanan “Mediada Azərbaycan dili” adlı kitabı nəşr olunub. Bu kitab təkcə media nümayəndələri üçün deyil, həm də jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün qiymətli mənbə olacaq”.
Daha sonra təlim proqramını uğurla başa vuran media nümayəndələrinə sertifikatlar, layihənin təşkilində və ictimaiyyətə çatdırılmasında fəal iştirak edən Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin PR qrupunun əməkdaşlarına isə təşəkkürnamələr təqdim olunub.
Tədbir çərçivəsində jurnalistlər üçün hazırlanan “Mediada Azərbaycan dili” adlı metodik vəsaitin rəsmi təqdimatı da baş tutub. Kitabın müəllifləri – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova və filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Nəsirova nəşrin hazırlanma məqsədi, mediada daha çox rast gəlinən dil qüsurları və vəsaitin jurnalistlərin gündəlik fəaliyyətində istifadə oluna biləcək praktik mənbə kimi əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, vəsaitdə layihə çərçivəsində təlim keçən digər dilçi alimlərin, media mütəxəssislərinin tövsiyə və yanaşmalarına da yer verilib.
Xatırladaq ki, 2026-cı il 10 yanvar – 11 aprel tarixlərini əhatə edən proqram çərçivəsində Bakıda 24, Quba və Lənkəran şəhərlərində isə keçirilən dörd təlimdə 30-dan çox regional media nümayəndəsinin peşəkar inkişafına dəstək göstərilib. Təlimlərdə müxtəlif televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları və digər media qurumlarını təmsil edən 50-yə yaxın jurnalist, redaktor və aparıcı iştirak edib. Eyni zamansa dilçi alimlər və media ekspertlərinin iştirakı ilə Azərbaycan dilinin mediada düzgün tətbiqi, nitq mədəniyyəti və aktual dil məsələlərinə həsr olunan maarifləndirici podkastlar hazırlanaraq ictimaiyyətə çatdırılıb.
























