Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası ilə
seçilərək, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da
möhkəmlənməsinə mühüm zəmin yaradıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli
İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər də bu münasibətlərin hazırkı
yüksək səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında siyasi dialoq ən yüksək
səviyyədədir. Son beş ildə dövlət başçıları arasında həyata keçirilən qarşılıqlı səfərlər və
müntəzəm təmaslar əlaqələrin dinamik inkişafına ciddi töhfə verib. Qarşılıqlı səfərlərin
intensivliyi iki ölkə arasında münasibətlərin yalnız diplomatik müstəvidə deyil, həm də strateji
əməkdaşlıq səviyyəsində möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyevin Özbəkistana səfərləri zamanı bu ölkənin əldə etdiyi sosial-iqtisadi
nailiyyətlərə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Müasir şəhərlərin salınması,
iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elm,
təhsil, mədəniyyət və idmana göstərilən diqqət Özbəkistanın sürətli inkişafının əsas
göstəricilərindəndir. Azərbaycan tərəfi bu uğurları yüksək qiymətləndirir və Özbəkistanın inkişaf
modelinə, əldə etdiyi nəticələrə hörmətlə yanaşır.
İki ölkə arasındakı münasibətlərin mühüm xüsusiyyətlərindən biri dövlət başçıları arasında
formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlərdir. Prezident İlham Əliyevin
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev haqqında səsləndirdiyi yüksək fikirlər bu siyasi
münasibətlərin şəxsi dostluq və qardaşlıq bağları ilə də möhkəmləndiyini nümayiş etdirir. Bu
amil dövlətlərarası əlaqələrin daha da dərinləşdirilməsi üçün mühüm siyasi zəmin yaradır.
Azərbaycan və Özbəkistanın münasibətləri tarixi, milli və mədəni yaxınlığa əsaslanır. Hər iki
xalqın ortaq türk kökləri, zəngin tarixi-mədəni irsi və mənəvi dəyərləri ölkələr arasında
əlaqələrin təbii əsasını təşkil edir. Məhz bu ortaq dəyərlər siyasi iradə ilə birləşdikdə
əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsi üçün əlverişli imkanlar yaranır.
Dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində Azərbaycan–Özbəkistan münasibətlərinin
müttəfiqlik xarakteri daha da möhkəmlənib. Bu, iki müstəqil, güclü və suveren dövlətin bir-
birinin milli maraqlarına hörmət əsasında yaxın əməkdaşlıq qurduğunu göstərir. Müttəfiqlik
münasibətləri siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi, nəqliyyat, enerji,
investisiya və humanitar sahələrdə yeni layihələrin həyata keçirilməsinə də imkan yaradır.
Xüsusilə nəqliyyat və logistika sahəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı böyük
perspektivlər vəd edir. Orta Dəhliz çərçivəsində iki ölkənin imkanlarının əlaqələndirilməsi
Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında ticarət əlaqələrinin genişləndirilməsinə
mühüm töhfə verə bilər. Bu baxımdan Azərbaycan və Özbəkistan yalnız ikitərəfli əməkdaşlıqda
deyil, daha geniş regional proseslərdə də bir-birini tamamlayan tərəfdaşlardır.
Mədəni-humanitar əlaqələr də Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm
istiqamətlərindən biridir. Ədəbiyyat, incəsənət, təhsil, elm və digər sahələrdə qarşılıqlı
layihələrin həyata keçirilməsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Tarixi və mədəni irsin
qorunması və təbliği istiqamətində əməkdaşlıq isə gələcək nəsillər arasında qarşılıqlı
anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir.
Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər
Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Qarşılıqlı
etimad, siyasi iradə, tarixi-mədəni yaxınlıq və ortaq maraqlar iki ölkə arasında əməkdaşlığın
möhkəm təməlini formalaşdırır.
Bu gün Azərbaycan və Özbəkistan münasibətləri sadəcə qonşu və dost dövlətlərin
əməkdaşlığı deyil, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan möhkəm müttəfiqlik
nümunəsidir.
Leyla Qəhrəmanova,
Sabirabad Heydər Əliyev Mərkəzinin elmi işçisi

















