Azərbaycanın son illərdə təhsil, xüsusilə ali təhsil sahəsində əldə etdiyi nəticələr beynəlxalq müstəvidə ölkəmizə olan marağın artmasına, müxtəlif dövlətlərin və ali təhsil müəssisələrinin Azərbaycanla əməkdaşlığa maraq göstərməsinə şərait yaradıb. Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşması, xarici universitetlərlə ikili diplom proqramlarının və digər birgə layihələrin genişlənməsi ölkənin ali təhsil sisteminin beynəlxalq əlaqələrinin gücləndiyini göstərir. ABŞ, Çin, Koreya, Türkiyə, İtaliya, Almaniya və Böyük Britaniya kimi ölkələrin universitetləri ilə həyata keçirilən əməkdaşlıqlar Azərbaycanın ali təhsil potensialına beynəlxalq marağın göstəricisidir.
1xeber.media xəbər verir ki,bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert bildirib ki , bu proses Azərbaycan-Özbəkistan təhsil əlaqələri baxımından da xüsusi əhəmiyyət daşıyır. İki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də Özbəkistan üçün qarşılıqlı faydalı imkanlar yaradır: “Özbəkistanın Azərbaycanla, xüsusilə ali təhsil istiqamətində əməkdaşlığa maraq göstərməsi mühüm hadisədir. Tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi və birgə təhsil proqramlarının həyata keçirilməsi iki ölkənin təhsil sistemləri arasında əlaqələri daha da dərinləşdirə bilər.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş” bu istiqamətdə mühüm hüquqi baza formalaşdırır. Sazişdə ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması, tələbə və təhsilverən mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması, innovasiya layihələrinin reallaşdırılması və təhsil sahəsində təcrübə mübadiləsi kimi mühüm istiqamətlərin müəyyənləşdirilməsi əməkdaşlığın gələcək perspektivlərini genişləndirir.
Xüsusilə 2026–2027-ci tədris ilindən başlayaraq hər il bakalavriat, magistratura və doktorantura səviyyələrində qarşılıqlı əsasda 10 kvotanın ayrılması tələbə mübadiləsinin institusional əsasda inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Bu, gənclərin hər iki ölkənin ali təhsil imkanlarından yararlanmasına, akademik və elmi əlaqələrin genişlənməsinə xidmət edəcək”.
Ramin Nurəliyev qeyd edib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının potensialı yalnız tələbə mübadiləsi və ali təhsillə məhdudlaşmır. Qarşıdakı mərhələdə elmi tədqiqatlar, mühəndislik və texnologiya, innovasiya, peşə təhsili və birgə layihələr üzrə əlaqələrin genişləndirilməsi hər iki ölkənin elmi potensialına mühüm töhfə verə bilər. İki ölkənin elmi və təhsil müəssisələrinin birgə tədqiqatlara cəlb olunması yeni elmi nəticələrin əldə edilməsinə, təcrübə və bilik mübadiləsinin intensivləşməsinə, eləcə də gənc alimlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradacaq.
“Azərbaycan və Özbəkistanın təhsil sistemləri arasında təcrübə mübadiləsi hər iki tərəf üçün faydalıdır. Təhsil və elm sahəsində əlaqələrin inkişafı Azərbaycan–Özbəkistan münasibətlərinin ümumi məzmunundan ayrı nəzərdən keçirilə bilməz. İki ölkə arasında mədəni-humanitar əlaqələrin, tələbə və alimlər arası münasibətlərin, birgə elmi və təhsil təşəbbüslərinin genişlənməsi xalqlarımız arasında mövcud olan tarixi, dil və mədəni yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu proses iki qardaş ölkənin yalnız təhsil sistemlərinin deyil, bütövlükdə elm, mədəniyyət və humanitar əlaqələrinin inkişafına mühüm töhfə verə bilər”, - deyə ekspert fikrini yekunladşırıb.

















