Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya
Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasındakı münasibətlərin ənənəvi dostluq
çərçivəsini tamamilə aşaraq tammiqyaslı iqtisadi və siyasi müttəfiqlik mərhələsinə daxil
olduğunu aydın şəkildə ortaya qoyur.
Bu gün Bakı ilə Daşkənd arasındakı tərəfdaşlıq yüksək səviyyəli siyasi etimadla yanaşı, həm
də qarşılıqlı investisiyalar, sənaye kooperasiyası, nəqliyyat-logistika bağlantıları və enerji
inteqrasiyası üzərində qurulan yeni modelə söykənir.
Bu transformasiyanın ən bariz göstəricisi ölkələr arasındakı iqtisadi dinamikanın keyfiyyətcə
dəyişməsidir. 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon ABŞ
dollarına çatması, 2026-cı ilin ilk beş ayında isə ticarətin 33 faiz artması sübut edir ki, əlaqələr
konyunktur sıçrayış təsiri bağışlamır, əksinə dərin köklərə bağlanan davamlı proses kimi
inkişaf edir. Əvvəlki mərhələlərdə dövlətlərarası münasibətlər əsasən sadə mal və xidmət
mübadiləsindən ibarət olduğu halda, bu gün Azərbaycan və Özbəkistan birgə kapital, birgə
istehsal və uzunmüddətli investisiya layihələri üzərində birlikdə addımlayır. 500 milyon ABŞ
dolları kapitalla təsis edilən Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti məhz bu yeni modelin
institusional təminatçısı rolunu oynayır. Avtomobil istehsalı, neft-kimya, energetika, kənd
təsərrüfatı və turizm sahələrində gerçəkləşdirilən layihələr, eləcə də özəl sektorun xətti ilə
Daşkənddə həyata keçirilən "The Ritz-Carlton" kompleksi və digər bölgələrdəki "Sea Breeze
Uzbekistan" kimi irimiqyaslı təşəbbüslər kapital axınının qarşılıqlı xarakter aldığını açıq şəkildə
ortaya qoyur. Üstəlik, Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının
Azərbaycanda uğurla fəaliyyət göstərməsi bu iqtisadi tərəfdaşlığın möhkəmliyini əyani surətdə
təsdiqləyir.
Bu strateji yaxınlaşma və qardaşlıq təsadüfi xarakter daşımır, əksinə əsrlərə dayanan mənəvi
bağlara və sınaqlardan çıxmış tarixi həmrəyliyə əsaslanır. SSRİ dövrünün mürəkkəb siyasi
təzyiqləri, sərt mərkəzi idarəçilik sistemi və ideoloji basqıları zamanı Ümummilli Lider Heydər
Əliyev Özbəkistan rəhbərliyini, xüsusilə həmin dövrdə mərkəzin ədalətsiz hücumlarına və
təqiblərinə məruz qalan özbək rəsmilərini və görkəmli dövlət xadimi Şərəf Rəşidovu hər zaman
qətiyyətlə müdafiə edərək xalqlarımızın dostluğuna sadiqliyini əməli şəkildə nümayiş
etdirmişdir. Heydər Əliyevin həmin dövrdə nümayiş etdirdiyi bu prinsipiallıq və qardaşlıq
mövqeyi xalqlarımız arasındakı mənəvi körpüləri əbədiləşdirmişdir. Bu gün həmin tarixi təməl
Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qətiyyətli siyasi iradəsi ilə
yeni zirvələrə ucalır. Son illərdə intensivləşən qarşılıqlı səfərlər, imzalanan "Strateji
tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında
Müqavilə" iki müstəqil, güclü və suveren dövlətin təbii müttəfiqliyini hüquqi müstəvidə qəti
şəkildə rəsmiləşdirdi. Ali Dövlətlərarası Şura isə bu əməkdaşlığın strateji prioritetlərini
müəyyənləşdirən əvəzsiz mexanizmə çevrilib.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, nəqliyyat və logistika məsələləri
ikitərəfli çərçivəni aşaraq bütövlükdə Avrasiya məkanının tərəqqisinə birbaşa təsir göstərir.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası qlobal
təchizat zəncirlərinin diversifikasiya olunduğu dövrdə müstəsna əhəmiyyət daşıyır.
Azərbaycanın Xəzər hövzəsindəki əsas logistika qovşağı olması ilə Özbəkistanın Mərkəzi
Asiyanın nəhəng istehsal potensialının birləşməsi ənənəvi tranzit çərçivəsini üstələyən dəyərli
bir iqtisadi mühit formalaşdırır. Ölkəmiz bunun sayəsində sadəcə tranzit məntəqəsi deyil,
regional logistika və istehsal mərkəzi statusunu qətiyyətlə möhkəmləndirir. Azərbaycanın
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu qoşulması nəticəsində
ənənəvi formatın genişlənməsi tarixi əhəmiyyət daşıyan geosiyasi hadisədir. Bu proses Cənubi
Qafqaz ilə Mərkəzi Asiya arasında iqtisadi və siyasi sərhədlərin tədricən aradan qalxmasından,
Xəzərin hər iki sahilinin vahid əməkdaşlıq məkanına çevrilməsindən xəbər verir. Eyni
zamanda, "Yaşıl Dəhliz Birliyi" çərçivəsində bərpaolunan enerjinin Xəzər dənizinin dibi ilə
Qərbə nəqli perspektivi Azərbaycanı ənənəvi enerji ixracatçısı rolundan çıxararaq regional
yaşıl enerji tranziti və bağlantılarının əsas koordinasiya mərkəzinə çevirir.
İqtisadi və siyasi proseslərin dayanıqlığı həm də cəmiyyət və xalq səviyyəsindəki möhkəm
bağlardan asılıdır. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına
orta məktəb, işğaldan azad edilmiş torpaqlarımızda salınan 100 hektarlıq "Dostluq bağı",
Bakının mərkəzində təməli qoyulan 5 hektarlıq "Özbəkistan" parkı bu qardaşlığın əyani və
daşlaşmış simvollarıdır. Bakı və Daşkənd ilə yanaşı, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-
Buxara, Şəki-Kokənd, Quba-Cizak və digər qardaşlaşmış şəhərlər arasında qurulan əlaqələr
humanitar tərəfdaşlığı birbaşa yerli icmalar səviyyəsinə daşıyır. Media forumları, QHT
əməkdaşlığı, eləcə də ilk dəfə elan edilən birgə qrant müsabiqələri vətəndaş cəmiyyətlərini də
bu ümumi tərəqqi prosesinə sıx şəkildə bağlayır. Türk Dövlətləri Təşkilatı və Türk Mədəniyyəti
və İrsi Fondu çərçivəsindəki fəaliyyət isə bu ikitərəfli müttəfiqliyin bütün Türk dünyasının
inteqrasiyasına xidmət edən qlobal bir missiya daşıdığını təsdiq edir.
Nəticə etibarilə, Azərbaycan ilə Özbəkistan arasındakı müttəfiqlik modeli sadəcə iki qonşu və
qardaş ölkənin uğurlu ikitərəfli münasibətləri ilə məhdudlaşmır, bu eyni zamanda Mərkəzi
Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan, Avrasiya məkanında sülhü, sabitliyi və davamlı
iqtisadi tərəqqini təmin edən yeni geoiqtisadi arxitekturanın təməl daşını təşkil edir.
Musa Hüseynov,
Sabirabad RİH başçısının Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

















