“Azərbaycanla Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi ölkəmizin regiondakı mövqeyini daha da gücləndirir. Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır.
Bu münasibətlər təkcə ikitərəfli əlaqələr baxımından deyil, bütövlükdə Türk dünyasının iqtisadi və strateji inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri Milli Məclisin deputatı Arzuxan Əlizadə 1xeber.media-ya açıqlamasında deyib ki, Azərbaycanın coğrafi mövqeyi Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında ölkəmizi mühüm tranzit tərəfdaşa çevirir:
“Orta Dəhlizin inkişafı, Bakı Limanı, dəmir yolları və digər nəqliyyat infrastrukturu Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında əsas bağlantı nöqtələrindən birinə çevirə bilər. Özbəkistanla əməkdaşlığın dərinləşdirilməsi isə yükdaşımaların, investisiyaların və qarşılıqlı ticarətin artmasına, yeni logistika marşrutlarının formalaşmasına imkan verəcək. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regiondakı rolunu daha da artıracaq. Azərbaycanın enerji və nəqliyyat imkanları ilə Mərkəzi Asiyanın resurslarını və istehsal potensialını birləşdirmək həm ölkələrimiz üçün iqtisadi dividendlər yaradacaq, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verəcək. Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində daha da inkişaf etdirilməsi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrini yeni mərhələyə yüksəldəcək və ölkəmizin Türk dünyasında iqtisadi-siyasi çəkisini daha da artıracaq”.
Aysel Timur

















