Möhkəm elmi-hüquqi bazaya əsaslanan institusional inkişaf Azərbaycan Üzgüçülük Federasiyasının prioritet istiqamətlərindən biri olaraq qalır.
1xeber.media xəbər verir ki, ASF-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə üzgüçülük təhsili və yerli mütəxəssislərin hazırlanmasına dair bir sıra istiqamətlərin inkişaf etdirilməsi məqsədilə Boro Ştrumbel əməkdaşlığa cəlb olunub.
2019-2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərlik etmiş təcrübəli mütəxəssisin kurasiyası ilə aşağıdakı fəaliyyət sahələri üzrə iş aparılacaq:
-məşqçilərin və hakimlərin sertifikasiyası və lisenziyalaşdırılması
-Azərbaycan İdman Akademiyasına qəbul və tədris prosesi
-“Üzməyi Öyrənək” layihəsi.
Qeyd edək ki, Boro Ştrumbel Lyublyana Universitetinin idman fakültəsinin dosentidir. O, idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir. Avropa Su İdmanı Federasiyasının (European Aquatics) “Üzməyi Öyrənək” Komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərmiş Ştrumbel hazırda Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.
Beynəlxalq ekspert təcrübəsinin Azərbaycan üzgüçülüyünə cəlb olunması mütəxəssis hazırlığı sisteminin və bu idman növünün gələcək inkişafı naminə mühüm addımlardan biridir.

















