“Much Better Adventures” beynəlxalq turizm platforması Özbəkistanı 2026-cı il üzrə “Solo Travel Index” reytinqində 5-ci pilləyə yerləşdirib.
1xeber.media xəbər verir ki, ilk 4 yeri Qırğızıstan, İtaliya, Yaponiya və Portuqaliya tutub.
“Podrobno.uz” portalının yazdığına görə, reytinqin müəllifləri 26 istiqaməti nəzərdən keçirərək bronlaşdırma tendensiyalarını, turistlərin rəylərini, qidalanma xərclərini, təhlükəsizliyi, viza şərtlərini və biomüxtəlifliyi araşdırıblar. Həmçinin turizm infrastrukturunun, eləcə də piyada səyahətlər üçün marşrutların mövcudluğu da nəzərə alınıb.
Müəlliflər belə səyahət dedikdə, turistin adət etdiyi dost və ya tanış çevrəsi olmadan yola çıxmasını, lakin sərbəstliyini qoruyaraq kiçik təşkil olunmuş qrupa qoşula bilməsini nəzərdə tuturlar.
Ekspertlər ABŞ vətəndaşları üçün 30 günlük vizasız rejimin tətbiqindən sonra Özbəkistana marağın artdığını qeyd ediblər. Ölkənin üstünlükləri sırasında Nurota dağları, Qızılqum səhrası və Aydar gölü boyunca səyahət marşrutları, eləcə də Səmərqənd və Buxaranın tarixi irsi göstərilib.
2026-cı ilin ilk 7 ayında Özbəkistana rekord sayda – 7,75 milyon xarici turist səfər edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz çoxdur.
















