Bakı Ağır Cinayətlər Məhkəməsində “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” (İƏAM) insan hüquqları təşkilatının sədri, hüquq müdafiəçisi Fikrət Cəfərlinin açıq məhkəmə prosesini müşahidə etməsinə maneə yaradılıb.
Bu barədə adıçəkilən qurumdan məlumat verilib.
Məlumata görə, Mərkəzin əməkdaşlarının peşə fəaliyyətlərini həyata keçirməsinə və açıq məhkəmə proseslərində müşahidə aparmasına şərait yaradılması ilə bağlı məhkəmənin sədri İsmayıl Xəlilova dəfələrlə müraciət edilib.
Bildirilib ki, müəyyən müddət ərzində yaradılan süni maneələr aradan qaldırılsa da, sonradan insan hüquqları təşkilatının mandatına uyğun olaraq məhkəmə proseslərində müşahidə aparmasına yenidən maneələr yaradılıb.
İƏAM hesab edir ki, açıq məhkəmə proseslərində müşahidə aparılmasına yaradılan bu maneələr əsassız və qanunsuzdur.
Mərkəzdən bildirilib ki, məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət ediləcək.Gununsesi.info
















