Polşa 2027-ci ildə müdafiə xərclərini son illərdə ilk dəfə azaldacaq. Maliyyə naziri Andjey Domański bildirib ki, gələn il müdafiəyə 198 milyard zlotı (təxminən 53,5 milyard dollar), yəni ÜDM-in 4,5 faizindən çoxu ayrılacaq. Bu, 2026-cı illə müqayisədə 2 milyard zlotı azdır.
1xeber.media xəbər verir ki, Domański 2027-ci il büdcə layihəsinin təqdimatı zamanı Polşanın NATO ölkələri arasında müdafiəyə ən çox vəsait ayıran dövlətlərdən biri olaraq qalacağını deyib.
Bununla belə, müdafiə xərclərinin azalmasına baxmayaraq, Polşanın 2027-ci il büdcəsində hərbi texnika tədarükünün rekord həddə çatacağı gözlənilir. Maliyyə Nazirliyinin hesablamalarına görə, gələn il büdcə kəsiri ÜDM-in 7,1 faizini təşkil edəcək.
Qeyd edək ki, daha əvvəl Polşa hökuməti 2026-cı il üçün müdafiə xərclərini təxminən 200 milyard zlotı səviyyəsində planlaşdırmışdı.
















