
Ağcabədi rayonunda meşə zolağında ağacların kəsilməsi ilə bağlı dünən yayılan məlumatlardan sonra hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan 1xeber.media-ya verilən məlumata görə, rayonda yerləşən meşə massivində ağacların qanunsuz kəsilməsi iddiası ilə əlaqədar dərhal araşdırmalara başlanılıb. Polis əməkdaşları və aidiyyəti dövlət qurumlarının nümayəndələri birlikdə sözügedən əraziyə ezam olunaraq, hadisə yerinə birgə baxış keçiriblər.
Rəsmi qurumdan bildirilib ki, qeydə alınan faktla bağlı hazırda hərtərəfli yoxlamalar aparılır. Araşdırmanın yekun nəticəsindən asılı olaraq, təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun olaraq sərt hüquqi tədbirlər görüləcəkdir.
Xatırladaq ki, dünən rayon ərazisindəki meşə massivində ağacların kəsilməsini əks etdirən videogörüntülər və məlumatlar mediada geniş rezonans doğurmuşdu.
















