İranla əlaqəli hakerlər son zamanlar Birləşmiş Ştatların su təchizatı, energetika, telekommunikasiya və digər həyati əhəmiyyətli kritik infrastruktur obyektlərinə kütləvi kiberhücumlar həyata keçiriblər.
Bu haqda “NBC News” telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb.
Kiberhücumların əsas hədəfi internetə qoşulmuş sənaye idarəetmə sistemləri, xüsusən də su təchizatı obyektləri olub. ABŞ rəsmilərinin verdiyi məlumata görə, hücumlara 100-dən çox su təchizatı və çirkab suların təmizlənməsi müəssisəsi məruz qalıb.
Bununla belə, Amerika rəsmiləri sözügedən kiberhücumlar nəticəsində kritik infrastrukturların fəaliyyətində hər hansı ciddi dayanma və ya ciddi nasazlığın baş vermədiyini bildiriblər.

















