1xeber.media xəbər verir ki, sentyabrın 2-də Ukraynanın paytaxtı Kiyevdə ölkənin iki əsas təhlükəsizlik qurumu – Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşları arasında silahlı qarşıdurma baş verib. Hadisə Dneprovski rayonundakı Şumskoho küçəsində qeydə alınıb.
Məlumata görə, qarşıdurma zamanı üç GUR əməkdaşı yaralanıb. Hadisədən sonra polis küçəni bağlayaraq ərazini nəzarətə götürüb.
İlk atəşi kimin açdığı barədə tərəflərin mövqeləri fərqlidir. SBU hadisənin istintaq tədbirləri zamanı onlara hücum edilməsi nəticəsində baş verdiyini bildirir. GUR tərəfi isə insidentə SBU əməkdaşlarının səbəb olduğunu iddia edir.
Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdurmanı “tamamilə utancverici vəziyyət” adlandıraraq hadisənin araşdırılması və günahkarların müəyyənləşdirilməsini tələb edib.
Hadisə ilə bağlı araşdırma davam edir.

















