Bakıda beynəlxalq "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib.
1xeber.media xəbər verir ki, Bakı Bulvarında, "Yeddi gözəl" fəvvarəsinin qarşısındakı ərazidə "IRONMAN" kəndi və əyləncə zonası fəaliyyətə başlayıb.
Burada ziyarətçilər müxtəlif əyləncəli və interaktiv fəaliyyətlərdə iştirak edə, "IRONMAN" ab-havasını yaxından hiss edə bilərlər.
Bu gündən, həmçinin sentyabrın 5-də keçiriləcək əsas yarışda iştirak edəcək idmançıların qeydiyyatına başlanılıb.
"Alufar IRONMAN 70.3 Baku"nun əsas yarışı sentyabrın 5-də keçiriləcək. Dünyanın 62 ölkəsindən idmançılar start xəttinə çıxacaqlar.
Yarış 1.9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21.1 kilometr qaçış olmaqla üç mərhələdən ibarətdir. Mübarizə kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə aparılacaq.
Yarış çərçivəsində estafet yarışı da təşkil olunacaq. Kişilər, qadınlar və qarışıq komandalar arasında keçiriləcək estafetdə ümumilikdə 47 komanda iştirak edəcək. Sonda ən aktiv üç klub mükafatlandırılacaq.
"IRONMAN 70.3 Baku"da kişilər və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək "IRONMAN 70.3" triatlon üzrə dünya çempionatına vəsiqə qazanacaq.
Bundan başqa, sentyabrın 4-də uşaqlar üçün "IRONKIDS", eləcə də "Fun Run" qaçışları keçiriləcək. "IRONKIDS" yarışında 5-8 yaşlı uşaqlar 500 metr, 9-13 yaşlı iştirakçılar 1 kilometr, 14-17 yaşlı idmançılar isə 2 kilometr məsafə qət edəcəklər.
18 yaşdan yuxarı şəxslərin iştirak edə biləcəyi 5 kilometrlik "Fun Run" qaçışına qeydiyyat da davam edir.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.

















