Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədəMədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlığın istiqamətlərindən birinin də mədəniyyət sahəsi olduğunu bildirib. Qeyd olunub ki, şirkətin muzey və sərgilərin təşkili, yaradıcı təşəbbüslərin təşviqi, o cümlədən görkəmli mədəniyyət xadimlərinin irsi ilə bağlı nəşrlərə verdiyi dəstək təqdirəlayiqdir.
Şirkətin regional prezidenti Cio Kristofoli Azərbaycanda mədəniyyət sahəsində müxtəlif layihələrə bundan sonra da dəstək göstərəcəklərini diqqətə çatdırıb.
Söhbət zamanı əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, tarixi filmlərin çəkilişi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Nazir C.Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə tanışlığa, həmçinin bu il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.


















