Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammitinin ən gözləniləməz və diqqətdən yayınan hadisəsi Çin Prezidenti Si Szinpinlə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən bir neçə dəqiqəlik görüş olub. İran mediasının iddiasına görə, bu görüşdə iki lider ölkələri arasında A-dan Z-yə qədər bir çox məsələləri müzakirə ediblər. Çin və Qərb mediası isə başqa şeylər deyir.
1xeber.media xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz bildirib.
O qeyd edib ki, Çinin rəsmi media orqanları Si Szinpinin digər liderlərlə görüşünə uzun-uzadı yer versələr də, Pezeşkianla mütəvazi görüş barədə heç nə yazmayıblar:
“Qərb media orqanları isə etibarlı mənbələrinə istinad edərək bildiriblər ki, İran tərəfi əslində Si Szinpinlə geniş formatlı görüş keçirmək barədə düşünürmü.. Amma Si buna ehtiyac görməyib və Peşekianla atüstü salamlaşmağa üstünlük verib.
Ekspertlər Szinpinin bu “yekəxanalığının” səbəbini bir neçə amillə əlaqələndirirlər:
1. Si Szinpin Pezeşkianın İranın həqiqi iradəsini nə qədər təmsil etdiyini bilmədiyindən onunla görüşə də əhəmiyyət verməyib;
2. Bişkekdən sonra ABŞ-a getməyi planlaşdıran Szinpin Trampın xətrinə dəyməmək üçün onun düşmən elan etdiyi İrandan bacardığı qədər uzaq dayanmağa çalışır;
3. Si dəfələrlə İran tərəfinə Hörmüz boğazının bağlanmasının Çin iqtisadiyyatına ciddi zərər vurduğunu bildirib və boğazın dərhal açılmasını tələb edib. SEPAH isə bu tələbləri qulaqardına vurub. Szinpin də bütün İran rəsmilərini iqnor edib;
4. Çin prezidenti bu tövrü ilə İrana və bütün yeni müttəfiqlərinə “mən sizin üçün özümü oda atmaq fikrində deyiləm” mesajını verib;
5. İranın ABŞ və İsrail əvəzinə digər körfəz ölkələrini bombalaması Çin tərəfindən də başa düşülmür və Si Szinpin bu anlamsız müharibədə İranın yanında görünmək istəmir. Məntiqlə haqsız da deyil. Çin dünyanın düz vaxtında belə İrandan gündə 1.3-1.4 milyon barrel neft alırdı. Təkcə Səudiyyə Ərəbistanından idxal etdiyi neft isə gündəlik 1.5-1.8 milyon barrel idi. Başqa sözlə, Çinin körfəzdə əsas ticarət ortağı İran yox, Səudiyyə Ərəbistanıdır. Belə olan halda, Szinpinin Pezeşkianla xüsusi görüşməsi Məhəmməd Bin Salmanın da açığına gedə bilərdi.
Qısası, İran, düşünüldüyü kimi, Çin tərəfindən də ciddi şəkildə dəstəklənmir. ABŞ ona daha yaxşı təkliflər versə, Çin İranı böyrü üstə uzadıb rahatlıqla əks tərəfə keçər”.
















