1xeber.media xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Prezident Vladimir Zelenski ilə bunkerdə birlikdə keçirdiyi müddətdən danışıb.
Sibiqa Qazaxıstanın “Ulysmedia” nəşrinə müsahibəsində bildirib ki, müharibənin ilk saatlarından Zelenski ilə birlikdə bunkerdə olub və orada təxminən 1,5 il yaşayıb.
“Mən ilk dəqiqələrdən Ukrayna Prezidenti ilə bunkerdə idim və orada bir il yarım yaşadım. Bu, yerin ən azı 100 metr dərinliyində idi”, – Sibiqa deyib.
Nazir həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Zelenskinin görüşünün Qazaxıstanda keçirilməsi ehtimalının müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, Kiyev Astananın sülh prosesində vasitəçi rolunu oynamasını dəstəkləyir.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Ukrayna Prezidenti Vladimir Zelenskini ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib.
















