“Son illərdə uşaqların sosial mediadan istifadəsi ilə bağlı yaş həddi, valideyn razılığı və platformaların təhlükəsizlik öhdəliklərini nəzərdə tutan müxtəlif hüquqi yanaşmalar formalaşıb. UNICEF-in 2026-cı ilin martına aid “Drawing a Line in Digital Spaces” təhlilinə görə, təxminən 40 yurisdiksiyada uşaqların sosial mediaya çıxışına yaş əsaslı məhdudiyyətlər müzakirə olunur, təklif edilir, qəbul edilir və ya tətbiq olunur”.
1xeber.media xəbər verir ki,bu sözləri Demokrat.az-a açıqlamasında hüquqşünas, vəkil Şəbnəm Tağıyeva bildirib.
Onun sözlərinə görə, Avstraliya bu istiqamətdə yaş məhdudiyyətini tətbiq edən ilk ölkə olub:
“10 dekabr 2025-ci ildən müəyyən sosial media platformaları 16 yaşdan aşağı şəxslərin yeni hesab yaratmasının və mövcud hesablarından istifadəsinin qarşısını almaq üçün ağlabatan tədbirlər görməlidir. İspaniyada sosial mediadan istifadə üçün yaş həddinin 16-ya qaldırılması, Danimarkada isə 15 yaş həddi və müəyyən hallarda valideyn razılığı ilə daha erkən istifadəni nəzərdə tutan modellər təklif edilib. Portuqaliyada 13–16 yaşlı uşaqların sosial mediadan istifadəsi üçün valideyn razılığını tələb edən qanun layihəsi parlamentdə ilk oxunuşdan keçib. 2026-cı ildə Braziliya və İndoneziyada da uşaqların rəqəmsal platformalardan istifadəsi ilə bağlı yaşın yoxlanılması, valideyn nəzarəti və yaşa əsaslanan məhdudiyyətlər üzrə yeni qaydaların tətbiqinə başlanıb. Azərbaycanda da bu istiqamətdə yeni hüquqi qaydalar qəbul edilib. 30 iyun 2026-cı il tarixində “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 431-VIIQD nömrəli Qanun qəbul edilib. Həmin Qanunla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda uşaqların sosial şəbəkələrdən istifadəsi və platformaların fəaliyyətinə dair yeni tələblər müəyyən edilib. Qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək. Yeni qaydalara əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında 16 yaşı tamam olmamış şəxslərin fərdi rəqəmsal hesab yaratmasına yol verilməyəcək. Yaş məhdudiyyəti tətbiq ediləcək platformaların siyahısını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyən edəcək”.
Vəkil qeyd edib ki, eyni zamanda, Qanuna əsasən, bu məhdudiyyət bütün informasiya sistemlərinə şamil olunmur:
“Təhsil, səhiyyə və peşəkar-işgüzar münasibətlərin qurulması məqsədilə fəaliyyət göstərən informasiya sistemləri istisna edilir. Qanun yalnız yeni yaradılacaq hesablara münasibətdə qaydalar müəyyən etmir. Qüvvəyə mindikdən sonra provayderlər 16 yaşdan aşağı şəxslərə məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını təmin etməlidirlər. İstifadəçi 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim etmədikdə isə həmin hesabın və ona aid fərdi məlumatların silinməsi təmin edilməlidir. İlk mərhələdə istifadəçi yaşını özü bəyan edir. Bəyan edilən yaşın dəqiqləşdirilməsi tələb olunduqda isə bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatlardan istifadə edilə bilər. Yaşın yoxlanılması üçün əldə edilən fərdi məlumatların saxlanılması və üçüncü şəxslərə ötürülməsi qadağandır. Bu məlumatlardan kommersiya və hədəfli reklam məqsədilə də istifadə edilə bilməz və yoxlama başa çatdıqdan sonra onlar dərhal silinməlidir. 16–18 yaşlı uşaqlar üçün ayrıca qaydalar müəyyən edilir. Hesabın yaradılması üçün qanuni nümayəndənin razılığı tələb olunur. Qanuni nümayəndə uşağın hesabında təqdim ediləcək məzmun və reklamların dairəsini, eləcə də platformadan istifadə saatlarını idarə edir. Provayder isə bu nəzarətin həyata keçirilməsi üçün platformada zəruri funksionallığı təmin etməlidir. Bu yaş qrupu üçün məxfilik və geolokasiya ilə bağlı əlavə tədbirlər də nəzərdə tutulur. Bununla yanaşı, uşağın həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə və qanunla qorunan digər hüquqlarına təhlükə yaradan məzmunların yayılmasının qarşısının alınması üçün provayderlərdən müvafiq rəqəmsal həllərin tətbiqi tələb edilir. Belə məzmun aşkar edildikdə texniki müdaxilə müddəti 24 saatdan artıq olmamalıdır. Qanunda platformaların dizaynı ilə bağlı da ayrıca tələblər nəzərdə tutulur. 16–18 yaşlı uşaqlara münasibətdə asılılıq yaradan məzmunların qarşısının alınması və manipulyativ dizayn üsullarından istifadənin qadağan edilməsi tələb olunur. Sonsuz sürüşdürmə (infinite scroll) və videomaterialların avtomatik səsləndirilməsi (autoplay) Qanunda belə üsullara nümunə kimi göstərilir. Bu, tənzimləmənin yalnız uşağın platformaya daxil olub-olmamasına deyil, platformadan istifadə etdiyi rəqəmsal mühitə də aid olduğunu göstərir. Platformanın dizaynı, məzmunun təqdim olunma forması və istifadəçinin diqqətini saxlamağa xidmət edən texniki mexanizmlər də tənzimləmənin predmetinə daxil edilir”.
Şəbnəm Tağıyeva söyləyib ki,bu mövzuda son inkişaflardan biri də avqustun 26-da ABŞ-də “Meta” ilə bir sıra ştat və ərazilərin baş prokurorları arasında əldə edilən razılaşmadır:
“Meta” “Facebook” və “Instagram”ın gənc istifadəçilərə təsiri ilə bağlı davam edən hüquqi mübahisələr çərçivəsində, o cümlədən platformaların asılılıq yarada bilən xüsusiyyətlərlə dizayn edilməsi, onların təhlükəsizliyi barədə istifadəçilərin yanıltması və uşaqların fərdi məlumatları ilə bağlı qanunvericiliyin pozulması iddiaları ilə üzləşib. “Meta” hüquq pozuntusuna yol verdiyini qəbul etmir. Məhkəmə tərəfindən təsdiqlənəcəyi halda razılaşma iştirakçı ştat və ərazilərdə 18 yaşdan aşağı istifadəçilər üçün Facebook və Instagram-da gündəlik istifadə limiti, gecə rejimi, məktəb saatlarında bildirişlərin məhdudlaşdırılması və əlavə valideyn nəzarəti kimi tədbirləri nəzərdə tutur. Bununla yanaşı, Azərbaycan qanunvericiliyində və digər ölkələrdə tətbiq olunan hüquqi mexanizmlərdə ortaq bir istiqamət görünür. Uşaqların sosial mediada təhlükəsizliyinin təmin edilməsində yaş həddi ilə yanaşı, həm valideyn nəzarəti, həm də platformaların üzərinə konkret öhdəliklər qoyulur. Azərbaycan qanunvericiliyində qanuni nümayəndənin rolu yalnız razılıq verməklə məhdudlaşmır. Qanuni nümayəndələr 16–18 yaşlı uşaqların hesablarına Qanunda nəzərdə tutulan funksionallıq vasitəsilə aktiv nəzarət edilməsinə və uşaqların sosial şəbəkə platformalarından qanunun tələblərinə uyğun istifadə etməsinə cavabdehdirlər. Digər tərəfdən, yaşın yoxlanılması, uşaqlar üçün təhlükəsizlik tədbirlərinin təmin edilməsi, zərərli məzmuna müdaxilə və fərdi məlumatların qorunması ilə bağlı tələblərin yerinə yetirilməsi provayderlərin üzərinə qoyulur və bu tələblərin pozulmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur. Beləliklə, yeni qaydalar yalnız 16 yaş həddinin müəyyən edilməsi ilə məhdudlaşmır. Yaşın yoxlanılması, qanuni nümayəndənin nəzarəti, fərdi məlumatların qorunması, 16–18 yaşlı uşaqlar üçün təhlükəsizlik tədbirləri, platforma dizaynı və provayderlərin məsuliyyəti eyni tənzimləmə çərçivəsində nəzərdə tutulur”.

















