Kosmetik məhsul alarkən onun gigiyenik sertifikatının olub-olmamasına, son istifadə tarixinə və qablaşdırmasına diqqət etmək vacibdir.
1xeber.media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov açıqlama verib.
Onun sözlərinə görə, gigiyenik sertifikat məhsulun sanitariya-gigiyena normalarına uyğunluğunu və insan sağlamlığı üçün təhlükəsizliyinin qiymətləndirildiyini təsdiqləyən rəsmi sənəddir.
Mütəxəssis bildirib ki, istehlakçı məhsulun təhlükəsizliyi ilə bağlı şübhə yarandıqda satıcıdan həmin məhsula aid gigiyenik sertifikatı tələb edə bilər. Son istifadə tarixi silinmiş və ya aydın oxunmayan kosmetik vasitələrin alınması isə tövsiyə edilmir.
Qeyd olunub ki, kosmetik məhsulların tərkibinə də diqqət yetirmək lazımdır. Xüsusilə saxta və keyfiyyətsiz məhsullarda ağır metalların normadan artıq olması insan sağlamlığı üçün risk yarada bilər. Məhsulların istilik və güclü işıq mənbələrinin altında saxlanılmaması da vacibdir.
Mütəxəssis kosmetik vasitələrin başqaları ilə paylaşılmasının da təhlükəli olduğunu vurğulayıb. Belə ki, tuş, göz qələmi, dodaq boyası, makiyaj fırçaları və tonal krem süngərlərinin ortaq istifadəsi bakteriya, virus və göbələklərin yayılmasına, göz və dəri infeksiyalarının yaranmasına səbəb ola bilər.
Uşaq kosmetikası seçərkən isə məhsulun yaş qrupuna uyğunluğuna xüsusi diqqət yetirilməlidir. Uşaqların dərisi daha həssas olduğundan bu məhsullar daha ciddi sanitar-gigiyenik tələblərə cavab verməlidir.
Orxan İsmayılov qeyd edib ki, gigiyenik sertifikatlaşdırma zamanı kosmetik məhsullar sənədlər, sanitar-gigiyenik ekspertiza və laborator müayinələr əsasında yoxlanılır. Müayinələr məhsulların kimyəvi, toksikoloji və mikrobioloji göstəricilərinin müəyyən edilmiş normalara uyğunluğunu qiymətləndirməyə imkan verir.

















