Türkiyəli jurnalist, “Time Medya Haber”in rəhbəri Ali Kan ölkəsində Azərbaycana qarşı səsləndirilən əsassız tənqid və təhqirlərə münasibət bildirib.
1xeber.media qafqazinfo-ya xəbər verir ki, Ali Kan bu barədə videomüraciət yayımlayıb.
O, Türkiyədə bəzilərinin ölkə lideri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən kimi görünüb Azərbaycan Prezidenti İlham Əliyevi təndiq etdiyini deyərək həmin şəxslərə müraciət edib:
“Siz necə Ərdoğan dəstəkçisisiniz? Məni yaxşı dinləyin. Türkiyə Prezidenti şəxsən qardaşı hesab etdiyi Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi və onu Türkiyəyə dəvət etdi. Nə oldu? Nə gözləyirdiniz? Bu məsələ daha da böyüsün, iki ölkə arasında qardaşlıq əlaqələri zərər görsün istəyirdiniz, elə deyilmi? İstədiyiniz baş tutmadı. Ərdoğanın yanındaymış kimi davranıb, onun qardaşım dediyi şəxsə dilə gətirilməyəcək sözlər deyənlər, siz necə bir dəstək anlayışına sahibsiniz? Bir ölkənin prezidentinə təhqir edərək nəyi müdafiə etdiyinizi düşünürsünüz? Tənqid başqa, təhqir başqa şeydir. Hər kəs tənqid oluna bilər, lakin tənqid təhqirə çevrilməməlidir. Bu üslub nə qardaşlığa, nə insanlığa yaraşır. Xaosdan bəslənənlər, artıq ağlınızı başınıza toplayın. Türkiyə ilə Azərbaycan arasına nifaq salmaqdan əl çəkin. İki ölkənin münasibətləri sosial media mübahisələrindən çox daha böyükdür. Bu qardaşlıq bir neçə nəfərin təhqirləri və təxribatları ilə yıxılacaq qədər zəif deyil”.















