Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən son iğtişaşlardan seçkiqabağı məqsədlərlə istifadə edən xarici liderləri tənqid edib.
1xeber.media xəbər verir ki, o, bu barədə Qətərə səfəri zamanı danışıb.
Makronun sözlərinə görə, bəzi siyasətçilər Fransadakı hadisələrlə bağlı “qəbuledilməz, hətta axmaq” şərhlər verirlər. O bildirib ki, müəyyən ictimai-siyasi fiqurlar Fransanı öz seçki kampaniyalarının bir hissəsinə çevirirlər.
Fransa lideri konkret şəxslərin adlarını çəkməsə də, Merkur nəşri onun ABŞ Prezidenti Donald Trampı və İsrailin Baş naziri Benyamin Netanyahunu nəzərdə tutduğunu yazıb. Tramp daha əvvəl Fransanın miqrantlar, cihadçılar və kommunistlər tərəfindən mühasirəyə alındığını, talan edildiyini və yandırıldığını iddia etmişdi.
Makron iğtişaşların xarici müdaxilə nəticəsində başladığı barədə iddiaları da qəbul etməyib. Bununla yanaşı, o, hadisələrdən sonra yayılan dezinformasiyanı və xarici manipulyasiyanı tənqid edib. Prezident süni intellekt vasitəsilə hazırlanmış saxta videoların yayılmasına da diqqət çəkib.
“Belə məqamlarda kimin Fransanı sevdiyi, kimin sevmədiyi görünür”, – deyə Makron vurğulayıb.
Məlumata görə, oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində yarım milyondan çox insan etiraz aksiyalarına qatılıb. Paris, Marsel, Nitsa, Lion və Lill də daxil olmaqla bir sıra şəhərlərdə nümayişçilərlə polis arasında toqquşmalar, eləcə də dağıntılar baş verib. Oktyabrın 19-da Parisdə qismən komendant saatı tətbiq edilib.















