25 oktyabr Qubadlının azad olunduğu gündür. 44 günlük Vətən müharibəsində ən
önəmli döyüşlərdən biri də Qubadlı uğrunda gedən döyüşlər idi. Qubadlı əməliyyatı da xüsusi
peşəkarlıq, fədakarlıq tələb edirdi və ordumuzun xeyli sayda strateji yüksəkliyi nəzarətə
götürməsi ilə məsələ həllini tapdı. 27 ildən sonra Azərbaycan işğala son qoydu. Noyabrın 9-
dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
Qubadlı azad olunandan sonra Azərbaycan Ordusunun Laçın istiqamətində yolu açıldı
və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi. Laçın
dəhlizinin nəzarətə götürülməsi ilə müharibənin taleyi həll edildi. Ordumuzun Zəfər yürüşü
Şuşaya doğru irəliləyirdi.
Məlum olduğu kimi, Qubadlı birinci Qarabağ müharibəsi zamanı – 1993-cü il avqustun
31-də işğal olunmuşdu. İşğal dövründə Ermənistan Qubadlıda da qanunsuz məskunlaşma
siyasəti aparırdı, hətta Qubadlıda erməni lobbisinin ianəsi hesabına qanunsuz məskunlaşma
üçün qəsəbə də salınmışdı. 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində
bu qanunsuz cinayətlərə də son qoyuldu. Eyni zamanda, 27 oktyabr 2021-ci il tarixində
Qubadlı ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı ki,
bu da işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı
mübarizədə mühüm əhəmiyyətə malikdir.
Son 5 ildir Qubadlının yeni inkişaf tarixi başlanıb. Burada keçmiş məcburi köçkünlərin
həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə müasir standartlara uyğun infrastruktur yaradılır.
Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı yeni sosial obyektlərin, o cümlədən yeni
yaşayış məntəqələrinin təməli qoyulur. Mahruzlu və Zilanlı kəndləri də yenidən qurulur. Hər iki
kənddə ümumilikdə 4 minə yaxın insan məskunlaşacaq.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı–Eyvazlı avtomobil
yolunun da inşası davam edir. “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və
tikintisi ilə bağlı tədbirlər haqqında” Prezident Sərəncamına əsasən, yol infrastrukturu müasir
standartlara uyğun qurulur.
Şəhərin baş planı ən müasir normalar əsasında hazırlanıb və burada Qubadlının təbiəti,
tarixi keçmişi də memarlıqda nəzərə alınıb. Ümumilikdə burada reallaşan infrastruktur
layihələri Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını əhatə edir. Əsas məqsəd öz
doğma yurduna qayıdacaq soydaşlarımızın rahat, təhlükəsiz yaşayışını təmin etməkdir.
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi















