Addımbaşı qarşımıza çıxan rəngbərəng bilbordlar, sosial şəbəkələrdə ağız sulandıran yemək videoları və "bunu mütləq dadmalısınız" deyən bloqerlər... Müasir dünyada hara baxsaq, gözümüzü doyurmağa proqramlaşdırılmış nəhəng bir reklam maşını ilə qarşılaşırıq. Amma acı reallıq budur ki, bu gözqamaşdırıcı təqdimatlar və sonsuz çeşid çoxluğu çox vaxt mədəmizi yox, sadəcə sahibkarların cibini doldurur.Əvvəllər yemək yemək bir ehtiyac idi, bu gün isə vizual bir şouya çevrilib. Restoranların menyularına baxırıq: onlarla fərqli adda pizza, burger, fast-food komplektləri, adını tələffüz edə bilmədiyimiz soslar və salatlar... Seçim o qədər çoxdur ki, insan hansını sifariş edəcəyini çaşır. Lakin həmin reklamdakı parıltılı yemək piştaxtaya və ya masamıza gələndə böyük bir xəyal qırıqlığı yaşayırıq. Çəki az, keyfiyyət aşağı, dad isə standart. Reklamlar gözümüzü elə doyurur ki, gələn porsiyanın kiçikliyini və dadsızlığını bəzən vizualın sehrinə qapılaraq görməzdən gəlirik.
Bu çeşid çoxluğu əslində bizə verilən bir dəyər deyil, marketinq hiyləsidir. Bizə "seçim azadlığı" adı altında eyni keyfiyyətsiz məhsulu fərqli qablaşdırmada təqdim edirlər. Qiymətlər hər gün fantastik şəkildə artır, amma porsiyalar kiçilir, dad itir. İstehlakçı olaraq bizə sadəcə "təsviri" satırlar, dadı və doyumluluğu yox.
Nəticədə, çeşidlərin bolluğu qarnımızı doydurmağa bəs etmir. Məhsulun çoxluğu keyfiyyətin rəmzi ola bilməz. Gözümüzü doyuran o parıltılı reklamların arxasında ac qalan, aldadılan və cibindən olan sadə istehlakçıdır. Bəlkə də artıq bu vizual şoulara aldanmağı dayandırmalı və kəmiyyətə yox, real keyfiyyətə və doyumluluğa önəm verməyin vaxtıdır. Çünki parıltılı şəkillər insanı tox tutmur.
Aidə Tofiqqızı
















