Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Braziliyanın xarici işlər naziri Mauro Vieyra BMT Baş Assambleyası (UNGA) çərçivəsində keçirilən görüşdə ölkələri arasında strateji tərəfdaşlığın inkişafının əsas aspektlərini müzakirə ediblər.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 27-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Tərəflər Rusiya-Braziliya strateji tərəfdaşlığının dərinləşdirilməsi və müxtəlif səviyyələrdə ikitərəfli təmaslar cədvəlinin həyata keçirilməsinin aktual məsələlərini müzakirə ediblər", - Telegram kanalında yayılan məlumatda deyilir.
Bundan başqa, nazirlər BMT, BRİKS və G20 çərçivəsində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər. Görüşün yekununda iki ölkənin diplomatik nümayəndəlikləri arasında 2026-2029-cu illər üçün siyasi məsləhətləşmələrin cədvəlini əks etdirən sənəd imzalanıb.