Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) katibi, ADMİU-nun professoru, Kinoaktyorlar Gildiyasının sədri, aktrisa Həmidə Ömərovanın “ABŞ kino tarixi” iki cildliyi və “Alman kino tarixi” adlı kitabları nəşr olunub.
1xeber.media xəbər verir ki, bu barədə Teleqraf-a AKİ-dən məlumat verilib.
Hər iki kitab dərs vəsaiti kimi nəzərdə tutulub. “ABŞ kino tarixi”nin 1895-1929-cu illəri əhatə edən I cildində ABŞ kinematoqrafiyasının yaranması, Edvin Porter, Devid Vork Qriffit, Mak Sennet, Çarlz Çaplin və s. kimi Amerika kino tarixində xüsusi yeri olan rejissorlardan, həmçinin, sözügedən ölkənin kinematoqrafiyasındakı vacib mərhələlərdən bəhs edilib. Kitabın 1929-1945-ci illəri əhatə edən II cildində isə Amerika kinosunun səsli mərhələsində iz qoymuş vacib hadisələr, müəlliflər, janrlar, tendensiyalar gözdən keçirilir.
Müəllifin “Alman kino tarixi” kitabı Almaniyada kinematoqrafiyanın yarandığı 1895-ci ildən Birinci Dünya müharibəsinə qədərki dövrdə alman kinosunda baş verən əhəmiyyətli tendensiyalardan danışır.