20 oktyabr - Zəngilan Şəhəri Günü həm bu şəhərin azadlığının rəmzi, həm də onun gələcəyə istiqamətlənən yeni həyat mərhələsinin simvolu kimi dəyərləndirilir Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Zəngilanın tarixi onun taleyi ilə paralel şəkildə, bütövlükdə Azərbaycan xalqının mübarizə, itki və dirçəliş tarixinin bədii ifadəsidir.
Qədim Zəngəzur diyarının tərkib hissəsi olan bu bölgə əsrlər boyu mədəniyyətlərin, ticarət yollarının və mənəvi dəyərlərin qovuşduğu məkana çevrilmiş, lakin xarici işğallar nəticəsində dəfələrlə dağıdılaraq yenidən bərpa edilmişdir. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra həyata keçirilmiş inzibati bölgü Zəngilanın sonrakı tarixi taleyinə birbaşa təsir göstərdi. Həmin dövrdə Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, onun tərkibinə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın kimi bölgələr daxil edilmişdi. Lakin 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və bolşeviklərin hakimiyyəti zəbt etməsindən sonra qədim türk yurdu olan Zəngəzur qəzası süni şəkildə bölündü. Bolşevik Rusiyasının dəstəyi ilə Zəngəzurun yuxarı hissəsi Ermənistana birləşdirildi, yalnız Laçın, Qubadlı və Zəngilan Azərbaycanın tərkibində qaldı. Bu hadisə sonrakı onilliklərdə bölgənin etnik və siyasi xəritəsini dəyişdirən ən ciddi tarixi zərbələrdən biri oldu.
Zəngilan həm təbiət, həm də resurs baxımından Azərbaycanın ən zəngin rayonlarından biridir. Ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi mühüm çaylar axır, torpaqları təbii sərvətlərlə – tikinti daşı, qara mərmər, əhəng xammalı, qızıl yataqları ilə zəngindir. Rayonun relyefi həm dağlıq, həm də düzənlik sahələri əhatə etdiyindən burada həm əkinçilik, həm də heyvandarlıq inkişaf etmiş, zəngin kənd təsərrüfatı infrastrukturu formalaşmışdır. Sovet dövründə Zəngilanda 29 kolxoz-sovxoz, arıçılıq və fermer təsərrüfatları, eləcə də 21 dəmiryol müəssisəsi fəaliyyət göstərirdi.
Lakin 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində bu inkişaf bir anda dayandı. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan 67 gün ərzində mühasirədə qaldı. Əhalisi son ana qədər vuruşdu, 235 nəfər şəhid və itkin verdi, minlərlə zəngilanlı Araz çayını keçərək İran ərazisinə sığınmaq məcburiyyətində qaldı. Bu hadisə Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, qəhrəmanlıqla dolu səhifələrindən biri kimi yadda qaldı.
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri