Вернуться назад Распечатать

Yaqub Eyyubov vəzifədən gedir?-80 yaşlı baş nazir müavini barədə sensasion iddialar

Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun 80 yaşı tamam olur.

1xeber.media Musavat.com-a istinadla  xəbər verir ki, Prezident İlham Əliyev yubileyi münasibətilə onu “İstiqlal” ordeni ilə təltif edib. Rəsmi məlumata görə, təltif onun ölkənin sosial-iqtisadi inkişafında uzunmüddətli və mühüm xidmətlərinə görə verilib.

Lakin siyasi kuluarlarda bu mükafatlandırmanın arxasında başqa bir məna axtaranlar da var. Ekspertlər, ictimai-siyasi fəallar və sosial şəbəkə istifadəçiləri arasında belə fikirlər dolaşır ki, Yaqub Eyyubovun bu ordenlə faktiki olaraq “yola salınması” prosesi başlanıb.

İddialara görə, artıq 80 yaşını başa vuran Yaqub Eyyubov yaxın vaxtlarda vəzifədən könüllü şəkildə gedə bilər. Bəzi mənbələr onun bu addımı Prezident Administrasiyasının struktur dəyişiklikləri və Nazirlər Kabinetində planlaşdırılan yenilənmə fonunda atacağını istisna etmirlər.

Sosial mediada isə daha diqqətçəkən versiya səslənir: Yaqub Eyyubovun Rusiya ilə münasibətlərdə mühüm sima olduğu, hətta müəyyən mənada Ramiz Mehdiyevdən sonra Moskvanın Bakıdakı əsas “simpatik əlaqə kanallarından biri” sayıldığı iddia olunur.

Qeyd edək ki, Yaqub Eyyubov uzun illərdir Azərbaycanın icra hakimiyyəti sistemində ən təcrübəli fiqurlardan biri hesab olunur. O, 2003-cü ildən bəri baş nazirin birinci müavini postunu tutur və ölkənin iqtisadi, müdafiə və infrastruktur layihələrinin koordinasiyasında mühüm rol oynayıb.

Hazırda əsas sual budur: “İstiqlal” ordeni Yaqub Eyyubovun dövlət qarşısındakı xidmətlərinin növbəti təsdiqi kimi, yoxsa siyasi fəaliyyətinin son mərhələsinin simvolu kimi təqdim olunur?