Вернуться назад Распечатать

Azərbaycandan Ermənistana kimlər gedib?

Azərbaycandan Ermənistana gedən nümayəndə heyətinin tərkibi məlum olub.

1xeber.media məlumatına görə, nümayəndə heyəti bu gün Ermənistan ekspertləri ilə görüşüblər.

Azərbaycanı Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri) təmsil ediblər.

Məlumata görə 21–22 oktyabr 2025-ci il tarixlərində Ermənistan və Azərbaycan ekspert icmaları nümayəndələrinin birgə təşəbbüsü, hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda ikitərəfli “dəyirmi masa” keçirilib.

Tədbir Vaşinqtonda 8 avqust 2025-ci ildə qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəlilədilməsinə yönəlib və bu formatda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olub.

Erməni tərəfdən müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Müzakirələr zamanı iki xalqı maraqlandıran geniş mövzular - sülh prosesinin perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistik imkanlar, eləcə də etimadın möhkəmləndirilməsi üzrə addımlar müzakirə olunub.

Tərəflər, həmçinin, gələcəkdə birgə fəaliyyət planlarının hazırlanması və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində razılığa gəliblər.