Вернуться назад Распечатать

Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə veriləcəkmi? - AÇIQLAMA

Azərbaycanda insanları narahat edən əsas məsələlərdən biri yığılan pensiya kapitalının vətəndaş pensiya yaşına çatmadan götürülə bilməməsi ilə bağlıdır. Əhali arasında keçirilən sorğular göstərir ki, çoxları bu sistemdən narazıdır.

 Vətəndaşlar bildirirlər ki, illərlə işləyib maaşlarından dövlət sosial müdafiə fonduna məcburi sosial sığorta haqqı ödəsələr də, pensiya yaşına çatdıqda aldıqları pensiya gözləntilərini qarşılamır. Və ya vətəndaş dünyasını dəyişdikdə, onun topladığı pensiya kapitalı dövlətin hesabına keçir.

Halbuki, bir çox ölkələrdə, məsələn, ABŞ və Türkiyədə insanlar müəyyən yaşdan sonra öz pensiya kapitallarının bir hissəsini istədikləri zaman götürə bilirlər. Yaxud Sinqapurda vətəndaş pensiya yaşına çatmadan vəfat etsə, onun yığılan kapitalını vərəsəsi götürə bilir. Lakin Azərbaycanda belə bir sistem yoxdur.

Bu məsələyə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov hesab edir ki, mövcud pensiya sistemi ədalətsizdir və islahatlara ciddi ehtiyac var:

 

“Sağlam məntiq baxımından bu məsələ düzgündür. İnsanlar haqlı olaraq deyirlər ki, mən işləyirəm, hər ay maaş alıram, maaşımdan dövlət sosial müdafiə fonduna məcburi sosial sığorta haqqı tutulur, pensiya kapitalım orada formalaşır, amma sonra mən vəfat edəndə pensiya kapitalımdan tam istifadə etməmiş bu vəsait vərəsələrimə çatmır. Niyə belə olur? Niyə mənim pensiyam azdır?”.

Ekspert bildirir ki, bu sistemin əsas problemi pensiya fondunun özünü təmin edə bilməməsidir:

“Azərbaycanda ədalətsiz pensiya sistemi var. Məsələn, dövlət qurumlarında işləyənlərin bəzilərinin pensiyası digərlərindən daha çoxdur. Deputatların pensiyası çoxdur, halbuki onların pensiya kapitalı o qədər də böyük deyil. Eləcə də hüquq-mühafizə orqanlarında çalışanların pensiyaları digər sahələrlə müqayisədə daha yüksəkdir. Halbuki, dövlət sosial müdafiə fonduna toplanan pul hamımızdan tutulur. Bizim maaşımızdan çıxılan məbləğlə bu günkü pensiyaçılara pensiya ödənilir, amma bu bölgü də ədalətli aparılmır. Fondun pulu çatmır. Buna görə də dövlət hər il ora əlavə vəsait ayırır. Halbuki, bu cür fondlar özünü dolandırmalıdır. Amma çatmadığı üçün dövlət büdcəsindən əlavə maliyyə ayrılır. Pul çatmamağının əsas səbəbi də bəzilərinin çox pensiya almasıdır. Əgər bu, sığorta fondudursa, vəsait bizdən yığılan pullardan formalaşır və bu, hamıya bərabər şəkildə bölünməlidir. Amma sistem buna imkan vermir”.

İqtisadçı hesab edir ki, hazırkı modeldə vətəndaşın vəfatından sonra yığılan kapitalın vərəsələrinə verilməməsinin səbəbi də fondun maliyyə çatışmazlığı ilə bağlıdır:

“Niyə vətəndaş öləndən sonra vərəsələri kapitalını ala bilmir? Çünki pul yoxdur. Pensiya fondu elə qurulub ki, orada toplanan vəsait hər kəsin uzunömürlü olacağı fərziyyəsinə əsaslanmır. Onlar hesab edirlər ki, xüsusilə kişilər qadınlardan daha tez vəfat edir və kapitalın hamısından istifadə edə bilməyəcəklər. Bu səbəbdən həmin vəsait fondun daxilində qalır. Hamı pensiya kapitalından tam istifadə edə bilsə, fondda ümumiyyətlə pul qalmaz. Növbəti 5-10 ildə problem daha da dərinləşəcək. Çünki Azərbaycanda demoqrafik vəziyyət pisləşir. Doğulanların sayı azalır, yaşlıların sayı isə artır. Bu da o deməkdir ki, işləyənlərin sayı azalacaq və gələcəkdə kimdən tutulacaq o pul ki, pensiya fonduna ödənilsin? Yəni sistem gələcəkdə daha da riskli hala gələcək”.

 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov da açıqlama verib. Deputat bildirib ki, dünyasını dəyişən şəxslərin yığılmış pensiya kapitalının vərəsələrinə verilməsi məsələsi artıq Milli Məclisdə müzakirə olunur:

“Dünyasını dəyişən insanın pensiya kapitalını vərəsəsinin götürməsi məsələsi Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə edilən mövzudur. İlk iclasda həmkarlarımız tərəfindən bu istiqamətdə təkliflər təqdim olunub. Təkliflərin bir qismi həmin kapitalın 30 faizinin vərəsələrə verilməsi ilə bağlı idi”.

Deputat qeyd edib ki, məsələ ilə bağlı maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra qərar verilə bilər:

“Ümumiyyətlə, pensiya kapitalından daha səmərəli istifadə olunması, xüsusilə də dünyasını tez dəyişən vətəndaşların pensiya kapitalının bir hissəsinin vərəsələrinə transfer edilməsi məqsədəuyğun hesab olunur. Bununla bağlı təkliflər artıq qəbul olunub. Lakin dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlılığı nəzərə alınmalıdır. Qiymətləndirmə aparıldıqdan sonra bu istiqamətdə konkret qərarların verilməsi mümkün olacaq. Bəzi ölkələrdə vətəndaşların pensiya kapitalının bir hissəsini istifadəyə çıxarmaq və ya vərəsələrinə ötürmək hüququ var. Bu, sosial ədalətin təmin olunması baxımından da əhəmiyyətlidir. Biz də bu istiqamətdə islahatların həyata keçirilməsini məqsədəuyğun hesab edirik”.