Вернуться назад Распечатать

Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi sahələrdəndir

Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da sağlam ruhda böyümüş, ölkəyə
layiqli vətəndaşlar kimi yetişmiş, yüksək intellektual səviyyə malik gənclər ordusudur. Çünki
gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Bu qüvvəni
formalaşdırmaq və cəmiyyətin inkişafına yönləndirmək üçün zəruri şərt, ölkədə mütərəqqi
gənclər siyasətinin həyata keçirilməsidir.
Ümummilli Lider Heydər Əliyev Respublikanın ali rəhbərliyinə qayıdışından dərhal
sonra gənclərlə görüş keçirdi, onların problemlərini öyrəndi və gəncləri müstəqil Azərbaycanın
həyatında fəal iştirak etməyə çağırdı. O, gənclərlə  görüşərkən gənclərə sağlam ruhda tərbiyə
alması, əsl vətəndaş kimi yetişməsi naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Onun
təşəbbüsü ilə  gənclərin ümumrespublika forumlarının keçirilməsi ilə ölkəmizdə gənclər
siyasəti dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bununla da müasir Azərbaycan gəncliyinin
inkişafının yeni mərhələsi başlandı. Bu siyasət gənclərin cəmiyyətin bütün sahələrində fəal
iştirakını əhatə edirdi.
Bu gün Azərbaycan gəncləri fəal surətdə ölkədə gedən ictimai-siyasi proseslərə
qoşulur, yaxşı təhsil almağa çalışır, ordu sıralarında borclarını şərəflə yerinə yetirir, yüksək
idman nailiyyətləri qazanırlar. Bütün bunlar respublikamızda Ümummilli Liderimiz Heydər
Əliyevin təməlini qoyduğu gənclər siyasətinin təntənəsidir.
Hazırda bu siyasəti uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev ölkənin
iqtisadi yüksəlişinin açdığı imkanlardan maksimum dərəcədə bəhrələnməyə və gələcəyimiz
üçün etibarlı zəmin yaratmağa ciddi səy göstərir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli
dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə
bu şərait yaradılmışdır. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf
prosesinin əsas hərəkətverici qüvvəsindən birinə çevrilirlər.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu
bir daha göstərdi. Strategiyanın məqsədi Azərbaycan gəncliyinin potensialını müasir dövrün
tələblərinə uyğun inkişaf etdirmək, bu potensialdan Azərbaycan Respublikasının mənafeləri
naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Azərbaycan gəncliyi ən yüksək münasibətə layiqliyini, doğma torpaq, yurd sevgisini,
cəsarət və fədakarlığını Vətən müharibəsində sübuta yetirdi. Bu müharibə  böyük milli
potensialımızı üzə çıxardı. Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən
rəşadətli ordumuzun sıralarında minlərlə gəncimiz mətanətlə vuruşaraq qəhrəmanlıq
salnaməsi yazdı. Onların igidliyi, haqq yolundan dönməzliyi sayəsində ərazi bütövlüyümüz
bərpa edildi. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə
bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib.
Elçin Qiyasov,
Sabirabad rayonu, Mil-Muğan Gənclər və İdman İdarəsinin rəis əvəzi