Вернуться назад Распечатать

"İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun açılış mərasimi

1xeber.media xəbər verir ki, medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 1 may 2026-cı il tarixində "İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun açılış mərasimi keçirilir.

Forumda çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib ki, rəqəmsallaşma müasir dövrdə informasiya dövriyyəsinin sürətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, media və kommunikasiya sahəsində innovativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən birinə çevrilib. Vurğulanıb ki, rəqəmsal transformasiya şəraitində etibarlı informasiya mühitinin qorunması, müasir kommunikasiya alətlərindən səmərəli istifadə və ictimai etimadın gücləndirilməsi media institutlarının qarşısında duran əsas prioritetlər sırasındadır.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında vurğulayıb ki, rəqəmsal transformasiya şəraitində media və təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, media savadlılığının artırılması, gənclərdə sorğulayıcı düşüncə və rəqəmsal bacarıqların formalaşdırılması, eləcə də etibarlı informasiya mühitinin təşviqi müasir təhsil siyasətinin əsas prioritetlərindəndir, bu baxımdan  insan kapitalının inkişafı, süni intellekt və innovasiya əsaslı yanaşmaların tətbiqi dayanıqlı inkişafın mühüm tərkib hissəsinə çevrilib.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov qeyd edib ki, ölkədə həyata keçirilən müasir şəhərsalma, yenidənqurma və bərpa layihələrinin sosial, iqtisadi və mədəni əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, eləcə də müvafiq sahədə ictimai məlumatlılığın artırılması media ilə dövlət qurumları arasında effektiv kommunikasiya mexanizmlərinin formalaşdırılmasını zəruri edir. O vurğulayıb ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu mövzuda informasiya təminatının aktuallığını daha da artırmaqla yanaşı, şəhərsalma siyasətinin prioritetlərinin cəmiyyətə sistemli və ardıcıl şəkildə təqdim olunması üçün əlavə imkanlar yaradır.

Açılış mərasimində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan, həmçinin ötən il keçirilmiş Forumun əsas məqamlarını əks etdirən videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Forum öz işini “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” və “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzularında panel sessiyalarla davam etdirəcək.