Azərbaycandan dünyanın 73 ölkəsinə qida məhsulları və kənd təsərrüfatı məhsulları ixrac olunur. 2025-ci ildə Azərbaycandan rekord sayda kənd təsərrüfatı məhsulları dünya bazarına ixrac olunub. Bu, təqribən 914 min ton bitkiçilik məhsullarını özündə ehtiva edir.
1xeber.media xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro Week”in açılış mərasimində çıxışı zamanı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, qida təhlükəsizliyinin kənd təsərrüfatı və qida sənayesi sektoruna verə biləcəyi töhfədən danışarkən beynəlxalq standartların formalaşdırmasının önəmi qeyd olunmalıdır.
“İxrac elədiyimiz məhsulların göstəriciləri dünyanın istənilən bazarlarında özünə yer tapa bilməlidir. Bu məqsədlə də hal-hazırda ölkədə ən vacib məsələlərdən biri heyvan sağlamlığının təmin olunmasıdır. Azərbaycanın quş qripi və xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusunu əldə etməyi, həmin məhsulların dünyanın bir sıra ölkələrinə ixrac olunmasına gətirib çıxarıb. Artıq bizim quşçuluq məhsullarının, həm damazlıq, həm də ərzaq üçün nəzərdə tutulan yumurtaların dünyanın müxtəlif ölkələrinə ixracı həyata keçirilib”, - deyə o qeyd edib.