Mövsümün əvvəlində rəhbərlik tərəfindən qarşıya qoyulan əsas məqsəd Premyer Liqada yerimizi qorumaq, eyni zamanda bacardığımız qədər turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq idi. Hədəflərimizə çatdığımızı düşünürəm.
1xeber.media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub deyib.
Baş məşqçi Ayxan Abbasovun mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbərlərə də toxunan klub rəsmisi hələlik buna şərh vermək istəmədiyini bildirib: “Ayxan müəllim mövsümün sonuna kimi komandanın başında olacaq. Yeni baş məşqçi məsələsinə nöqtə qoyulduqda bu barədə rəsmi məlumat veriləcək”.
E.Usub “Şamaxı”nın növbəti mövsüm üçün hədəfləri haqqında da danışıb: “Hazırkı reallığı nəzərə alsaq, yeni mövsümdə də komandanın qarşısına Premyer Liqada qalmaq hədəfi qoyulacaq. Əgər kluba yeni sponsorlar cəlb olunsa, o zaman başqa hədəflərdən danışmaq olar”.
“Şamaxı”nın aparıcı futbolçusu Kərim Rossinin gələcəyi ilə bağlı da danışan klub rəsmisi müqaviləsi başa çatmaqda olan isveçrəli hücumçunun komandada qalıb-qalmayacağına mövsümün sonunda aydınlıq gələcəyini vurğulayıb.
Qeyd edək ki, “Şamaxı” hazırda 35 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.