Вернуться назад Распечатать

Deputat: Prezident İlham Əliyevin Zirvə toplantısında səsləndirdiyi fikirlər mühüm mesajları ehtiva edir

Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu artıq hər kəs tərəfindən qəbul edilir. Bu uzun illərdir davam edən etibarlı siyasətin, balanslı diplomatiyanın və çoxtərəfli əməkdaşlığa verilən önəmin nəticəsidir. Məhz bu səbəbdən ölkə bir çox nüfuzlu platformalarda, o cümlədən Avropa Siyasi Birliyi çərçivəsində hörmət və etimad qazanıb.

Bu sözləri 1xeber.media-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.

O bildirib ki, İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini bir daha aydın şəkildə ortaya qoydu. Bu çıxış yalnız regional məsələlərə münasibət deyil, həm də qlobal proseslərə yanaşmanın ifadəsi kimi diqqət çəkdi. Prezident İlham Əliyevin vurğuladığı məqamlar Azərbaycanın sülhə sadiqliyini və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha nümayiş etdirdi.

"Çıxışın mühüm hissələrindən biri beynəlxalq münasibətlərdə mövcud olan ikili standartların tənqidinə həsr olunmuşdu. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların Ermənistan-Azərbaycan münasibətlərində tutduğu mövqe ciddi suallar doğurur. Prezident qeyd etdi ki, bu qurumların yanaşması sülh prosesinə töhfə vermək əvəzinə, bəzən onun ləngiməsinə səbəb olur. Bu isə regionda sabitliyin təmin olunmasına xidmət etmir.

Faktlara əsaslanan çıxışında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 2021-ci ilin may ayından 2026-cı ilin aprelin 30-dək Avropa Parlamenti tərəfindən Azərbaycanın əleyhinə 14 qətnamə qəbul edilib. Belə addımlar isə tərəflər arasında etimadın möhkəmlənməsinə deyil, əksinə gərginliyin artmasına səbəb olur", - deyə S.Xasayeva vurğulayıb.

Deputat əlavə edib ki, dövlətimizin başçısının bu çıxışı həm tədbir iştirakçıları, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar ehtiva edirdi. Azərbaycanın mövqeyi bu çıxışda aydın, prinsipial və beynəlxalq hüquqa əsaslanan bir yanaşma kimi təqdim olundu.