Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru, tanınmış aktyor və rejissor Tamer Karadağlı ilə görüşüb.
1xeber.media xəbər verir ki, görüşdə Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin yalnız siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda mədəniyyət və incəsənət sahəsində də dərin köklərə malik olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan ilə Türkiyəni birləşdirən bağlar ortaq tarixin, dilin, folklorun, adət-ənənələrin sarsılmaz vəhdətidir.
Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan və Türkiyənin timsalında bütövlükdə Türk dünyası eyni kökdən qidalanan böyük bir mənəvi coğrafiyadır.
Tərəflər teatr sənətini türk xalqlarının qardaşlıq münasibətlərinin dərinləşməsində önəmli vasitələrdən biri kimi dəyərləndiriblər.
Görüş iki ölkənin dövlət teatrları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı qastrol səfərlərinin təşkili, birgə tamaşaların hazırlanması, aktyor və rejissorların mübadiləsi kimi məsələlər ətrafında müzakirələrlə davam edib.