Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı
formatında çıxışı təkcə cari diplomatik vəziyyətin təsviri deyil, həm də Cənubi Qafqazda
formalaşan yeni siyasi-iqtisadi arxitekturanın konseptual çərçivəsini ortaya qoyur. Çıxışda həm
regional sülh prosesinin real nəticələri, həm də beynəlxalq institutların bu prosesə
münasibətdə sərgilədiyi fərqli yanaşmalar aydın şəkildə ifadə olunub. Ən diqqətçəkən
məqamlardan biri Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə toplantısının
Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu. Bu fakt, formal diplomatik jestdən daha çox,
postmünaqişə dövründə qarşılıqlı etimadın formalaşmasının ilkin əlaməti kimi
qiymətləndirilməlidir. Xüsusilə nəzərə alsaq ki, tərəflər cəmi doqquz aydır sülh şəraitindədirlər,
belə bir dəstək regionda münasibətlərin normallaşması istiqamətində mühüm psixoloji və
siyasi dönüş nöqtəsi hesab oluna bilər.
Bu yanaşma, həm də Azərbaycanın irəli sürdüyü “tarazlı platforma” prinsipinin qəbul
edildiyini göstərir. Prezidentin çıxışında sülh prosesinin yalnız siyasi bəyanatlarla
məhdudlaşmadığı, konkret iqtisadi nəticələrlə müşayiət olunduğu xüsusi vurğulandı.
Azərbaycanın birtərəfli qaydada Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırması
və qısa müddətdə 28 min ton yük daşınmasının təmin edilməsi regionda iqtisadi inteqrasiyanın
real əsaslarının formalaşdığını göstərir. Digər məqam isə Azərbaycanın ilk dəfə olaraq
Ermənistana neft məhsulları ixrac etməsidir. Bu addım klassik rəqib ölkələr arasında iqtisadi
əməkdaşlığın başlanğıcı kimi deyil, daha çox qarşılıqlı asılılıq üzərindən sabitliyin
möhkəmləndirilməsi strategiyası kimi qiymətləndirilməlidir.
Bu kontekstdə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim olunan
nəqliyyat təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı
birləşdirəcək bu marşrut, eyni zamanda, Orta Dəhlizin tərkib hissəsi kimi Avrasiya nəqliyyat
xəritəsində yeni dinamika yaradır. Layihə yalnız regional deyil, qlobal logistika baxımından da
strateji əhəmiyyətə malikdir. Ermənistan üçün isə bu, uzun illər davam edən iqtisadi
izolyasiyadan çıxış imkanı deməkdir. Beləliklə, sülh prosesi ilk dəfə olaraq “dividend” gətirən
mexanizmə çevrilir. Bununla yanaşı, çıxışda Avropa institutlarına münasibətdə sərgilənən
fərqli yanaşmalar da diqqəti cəlb edir. Avropa Komissiyasının konstruktiv mövqeyi xüsusi qeyd
olunsa da, Avropa Parlamenti və AŞPA-nın fəaliyyətinə kəskin tənqidi münasibət bildirildi.
Azərbaycanın arqumenti ondan ibarətdir ki, bu qurumlar regiondakı reallıqları nəzərə almaq
əvəzinə, siyasi qərəz və ikili standartlar əsasında qərarlar qəbul edirlər.
2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra AŞPA tərəfindən
tətbiq olunan məhdudiyyətlər rəsmi Bakı tərəfindən selektiv yanaşma kimi qiymətləndirilir.
Avropa Parlamentinə yönələn tənqidlər konkret onların qəbul etdiyi qətnamələrlə bağlıdır.
Qısa müddət ərzində qəbul edilmiş çoxsaylı qətnamələr artıq institusional qərəzin göstəricisinə
çevrilib. Burada əsas arqument ondan ibarətdir ki, Avropa Parlamenti öz daxilində mövcud
olan fundamental problemləri həll etmək əvəzinə, xarici siyasi gündəlik üzərindən populist
mövqe sərgiləyir. Nəticə etibarilə, Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığı
dayandırmaq qərarı diplomatik təzyiqlərə qarşı institusional cavab kimi təqdim olunur. Bütün
bu ziddiyyətlər fonunda Azərbaycanın əsas xətti dəyişməz qalır: sülh gündəliyinə sadiqlik.
Prezident İlham Əliyevin çıxışının yekun hissəsində vurğulanan bu məqam, Bakının strateji
prioritetinin qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulduğunu göstərir. Ermənistan
rəhbərliyinin də verdiyi açıqlamalar fonunda bu mövqe qarşılıqlı şəkildə təsdiqlənir.
Bəxtiyar Məmiyev,
Sabirabad rayon Bitki mühafizə idarəsinin rəisi