Вернуться назад Распечатать

Veteranlara ŞAD XƏBƏR: Müavinətlər artırılacaq?

Qələbə Günü ərəfəsində müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri yenidən diqqət mərkəzinə gəlib. Hər il bu tarixə yaxın dövrdə dövlət tərəfindən müxtəlif müavinət və birdəfəlik ödənişlərin artırılması istiqamətində addımlar atılır, bu da cəmiyyətdə gözləntiləri artırır. Xüsusilə, son qərarlarda sosial müdafiə tədbirlərinin genişləndirilməsi veteranların rifahının yaxşılaşdırılmasına yönəldiyini göstərir.

Bəs bu il veteranlara verilən müavinətlərin artırılması gözlənilirmi?

Mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, dövlət tərəfindən veteranlara göstərilən sosial dəstək tədbirləri hər il daha da gücləndirilir və bu istiqamət sosial siyasətin əsas prioritetlərindən biri olaraq qalır.


“2026-cı il üzrə qəbul olunmuş qərarlar göstərir ki, dəstək mexanizmləri yalnız maliyyə yardımı ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq sosial məsuliyyət prinsiplərinə uyğun şəkildə inkişaf etdirilir.

Son sərəncama əsasən, İkinci Dünya müharibəsi veteranlarına verilən birdəfəlik maddi yardımın məbləği artırılaraq 2 750 manata, digər əlaqəli kateqoriyalar üzrə isə 1 500 manata çatdırılıb. Bu addım həm sosial müdafiə tədbirlərinin gücləndirilməsinə, həm də cəmiyyət qarşısında xidmətləri olan şəxslərin rifahının yaxşılaşdırılmasına xidmət edir.

Bu yanaşma Beynəlxalq Əmək Təşkilatı tərəfindən irəli sürülən “layiqli əmək və sosial təminat” prinsipləri, eləcə də ISO 26000 sosial məsuliyyət standartı ilə uyğunluq təşkil edir.

Həmin prinsiplərə əsasən, dövlətlər həssas qrupların, xüsusilə müharibə veteranlarının sosial rifahını təmin etməyə borcludur”.

Eyni zamanda, aylıq pensiya və müavinətlərin artırılması məsələsinə toxunan ekspert bildirib ki, bu istiqamətdə qərarlar daha çox sistemli sosial paketlər və indeksasiya mexanizmləri çərçivəsində tənzimlənir. Bu isə sosial siyasətdə davamlılıq və şəffaflığın təmin olunmasına xidmət edir.

Nəticə etibarilə, iqtisadçının fikrincə, Qələbə Günü ərəfəsində həyata keçirilən artımlar təkcə sosial yardım deyil, həm də dövlətin sosial məsuliyyət öhdəliklərinin icrası, tarixi ədalətin təmin olunması və inklüziv sosial siyasətin davamı kimi qiymətləndirilməlidir.