Вернуться назад Распечатать

Regional sülh gündəliyi və Avropa platformasında yeni reallıqlar

Prezident cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı
formatında çıxışı, Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların, sülh gündəliyinin və beynəlxalq
münasibətlər sistemində yaranan ziddiyyətlərin kompleks şəkildə təqdimatı kimi qiymətləndirilə bilər.
Çıxış həm regional əməkdaşlıq perspektivlərini, həm də qlobal və Avropa institutlarının bu prosesə
münasibətdə tutduğu mövqeləri aydın şəkildə ortaya qoyur.
Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi xüsusi
siyasi və diplomatik əhəmiyyət kəsb edir. Bu addım, uzun illər qarşıdurma şəraitində olmuş iki ölkə
arasında etimad mühitinin formalaşmağa başladığını göstərən mühüm siqnal kimi dəyərləndirilə bilər.
Azərbaycanın daha əvvəl 2026-cı ildə Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsünü
dəstəkləməsi və qarşılıqlı şəkildə belə bir platformanın bölüşdürülməsi ideyasını irəli sürməsi, rəsmi
Bakının balanslı və konstruktiv yanaşmasının göstəricisidir. Bu yanaşma regionda sülhün yalnız
bəyanat səviyyəsində deyil, praktik diplomatik addımlarla möhkəmləndirildiyini təsdiqləyir. Sülh
prosesinin ən mühüm xüsusiyyətlərindən biri onun konkret iqtisadi nəticələrlə müşayiət olunmasıdır.
Azərbaycanın birtərəfli qaydada Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini aradan
qaldırması və qısa müddət ərzində bu ölkəyə 28 min ton yük daşınmasının təmin edilməsi, regionda
yeni iqtisadi münasibətlərin formalaşdığını göstərir. Bununla yanaşı, Azərbaycanın ilk dəfə olaraq
Ermənistana neft məhsulları ixrac etməsi ticarət əlaqələrinin başlanğıcı kimi deyil, daha geniş mənada
qarşılıqlı iqtisadi asılılığın yaradılması və sülhün davamlılığının təmin edilməsi baxımından strateji
addım kimi çıxış edir.
Bu kontekstdə sülhün iqtisadi dividendləri tranzit və enerji əməkdaşlığıdır və bu amil regional
sabitliyin əsas dayaqlarından birinə çevrilməkdədir. Eyni zamanda, nəqliyyat və logistika sahəsində
irəli sürülən təşəbbüslər regionun geoiqtisadi əhəmiyyətini artırır. Azərbaycanın əsas hissəsi ilə
Naxçıvanı birləşdirəcək marşrutun Orta Dəhlizin tərkib hissəsinə çevrilməsi, təkcə region ölkələri üçün
deyil, daha geniş Avrasiya məkanı üçün yeni imkanlar yaradır. Bu layihə, həmçinin Ermənistanın
regional iqtisadi layihələrə inteqrasiyası baxımından da mühüm perspektivlər açır və uzunmüddətli
sülhün iqtisadi əsaslarını gücləndirir. Prezident cənab İlham Əliyevin çıxışında Avropa institutlarına
münasibətdə fərqli yanaşmaların mövcudluğu da açıq şəkildə ifadə olundu. Avropa Komissiyasının
sülh prosesinə verdiyi dəstək müsbət qiymətləndirilsə də, Avropa Parlamenti və Avropa Şurası
Parlament Assambleyasının fəaliyyəti tənqid edildi. Bu tənqidlər, əsasən, adıçəkilən qurumların
regiondakı reallıqları nəzərə almadan, selektiv və qərəzli yanaşma sərgiləməsi ilə əsaslandırılır.
Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra AŞPA tərəfindən tətbiq olunan
məhdudiyyətlər və Avropa Parlamentinin qəbul etdiyi çoxsaylı qətnamələr rəsmi Bakı tərəfindən ikili
standartların nümunəsi kimi təqdim olunur. Avropa Parlamenti ilə bağlı səsləndirilən fikirlər daha sərt
xarakter daşıyır və bu qurumun sülh prosesinə dəstək vermək əvəzinə, onu siyasiləşdirməyə və təzyiq
alətinə çevirməyə çalışdığı vurğulanır. Azərbaycanın cavab addımı kimi parlament səviyyəsində
əməkdaşlığın dayandırılması qərarı, milli maraqların müdafiəsinə yönəlmiş institusional reaksiya kimi
qiymətləndirilə bilər. Bu qərar, eyni zamanda, beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipinin
qorunmasının vacibliyini bir daha ön plana çıxarır. Bütün bu mürəkkəb geosiyasi və diplomatik fon
qarşısında Azərbaycanın əsas strateji xətti dəyişməz qalır. Rəsmi Bakı sülh gündəliyinə sadiqliyini açıq
şəkildə bəyan edir və bu istiqamətdə praktik addımlar atmaqda davam edir. Ermənistan rəhbərliyinin
də verdiyi açıqlamalar göstərir ki, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma üçün real zəmin
formalaşmaqdadır. Fikrimcə Prezident cənab İlham Əliyevin Zirvə toplantısındakı çıxışı bir neçə
mühüm məqamı ön plana çıxarır: Cənubi Qafqazda sülh prosesi artıq konkret nəticələr doğuran
mərhələyə keçib, iqtisadi əməkdaşlıq bu prosesin əsas hərəkətverici qüvvəsinə çevrilir və beynəlxalq
institutların bu reallıqlara uyğunlaşması zərurəti getdikcə daha qabarıq şəkildə ortaya çıxır. Mövcud
şəraitdə əsas məsələ regional təşəbbüslərin davamlılığının təmin edilməsi və bu prosesə xarici
müdaxilələrin minimuma endirilməsidir.
Hafiz Məmmədov,
Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayon Təhsil sektorunun aparıcı
məsləhətçisi