Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində vəfat edən həkim-radioloqu Asif Nəsirli haqda maraqlı faktlar ortaya çıxıb.
"Asif həkimi 10 ildən çox idi tanıyırdım. Anamda çox az adamda aşkarlanan yerdə iri bir şiş əmələ gəlmişdi. Həkimlər əməliyyata almağa risk etmirdilər. Hətta dedilər ki, əməliyyat etsək belə, şişi götürməyə bilərik. Ona görə mənə məsləhət gördülər ki, get şüa verdir. Axtardım, araşdırdım və dedilər ki, Asif həkimlə görüş. Onunla görüşdüm. O dedi ki, anam şüaya dözməyəcək. Dözsə belə, o şiş şüa ilə getməyəcək. Ona görə də get əməliyyat etdir. Bəlkə 1 saata yaxın mənə hər bir şeyi xırdalığına qədər izah etdi. Anam 8 saata yaxın ağır əməliyyat olundu. Halbuki həkimlər anamın yaşamasına 6 ay - 1 il vaxt qoymuşdular. Amma anam, göydə Allah, yerdə yaxşı həkimlərin, bir də özünün və mənim psixoloji cəhətdən güclü olmağım nəticəsində 13 ilə yaxın yaşadı".
"Hər dəfə xəstəxanada Asif həkim anamı görəndə uşaq kimi sevinirdi. Mən isə hər dəfə ona təşəkkür edirdim ki, bizi doğru yönəltdiniz. Ondan sonra Asif həkimlə dostlaşdıq. Neçə nəfər tanıdığım şəxslərə də çox faydası dəydi. Xəbərini eşidəndən sonra hər gün dua edirdim. İnanırdım ki, o yaşayacaq və yenidən xəstələrimizə şəfa olacaq. Amma… Ruhun şad olsun, həkim. Çox heyif ki, yaxşıların qədrini itirəndən sonra bilirik..."