Вернуться назад Распечатать

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” adlı konfrans keçirildi

Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” mövzusunda konfrans keçirilib.

1xeber.media  xəbər verir ki, konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ümummilli Lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi idi. Qeyd edilib ki, ana dilinə sevgi, ədəbiyyata, musiqiyə və milli adət-ənənələrə bağlılıq Ulu Öndərin siyasətində xüsusi yer tutub. Bu dəyərlər yalnız keçmişin yadigarı kimi deyil, həm də müasir dövlət quruculuğunun və mənəvi inkişafın əsas sütunları kimi dəyərləndirilib.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri professor Fuad Məmmədov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Xalq şairi Vahid Əziz, Xalq artisti Əbdül Mahmudov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının sədri, mədəniyyət nazirinin köməkçisi Emin Hüseynov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən ətraflı söz açıblar.

Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli irsin qorunması, mədəniyyətin inkişafı və dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər görülür. Qeyd olunub ki, bu siyasət nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq platformalarda geniş şəkildə təbliğ olunur, ölkəmizin zəngin mədəni irsi dünya ictimaiyyətinə çatdırılır.

Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət bədii proqram təqdim olunub.