Вернуться назад Распечатать

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Qlobal və regional siyasətdə baş verən sürətli dəyişikliklər fonunda Azərbaycan–İtaliya
münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin
Bakıya səfəri bu transformasiyaların mühüm göstəricisinə çevrilir. Bakı və Roma uzun illərdir strateji
tərəfdaşdır. 2014-cü və 2020-ci illərdə imzalanmış sənədlər münasibətlərin möhkəm əsasını
formalaşdırsa da, məhz son dövrdə bu çərçivə real məzmunla zənginləşib.
Ciorcia Meloninin ölkəmizə səfəri mövcud səviyyənin sadəcə təsdiqi deyil, əməkdaşlığın daha
kompleks modelə keçidinin nümayişidir. Əsas istiqamət olaraq enerji sahəsi qalmaqdadır. İtaliya
Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir.
Azərbaycan isə İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır, neft və qaz təchizatında aparıcı
yerlərdən birini tutur. Avropaya ixrac olunan qazın əhəmiyyətli hissəsinin məhz İtaliya istiqamətindən
keçməsi Romanı strateji enerji qovşağına çevirir. Bu baxımdan, TAP layihəsinin genişləndirilməsi
xüsusi əhəmiyyət kəsb edir. Bu kəmərin ötürmə qabiliyyətinin artırılması artıq yalnız iqtisadi məsələ
deyil, Avropanın uzunmüddətli enerji arxitekturasının tərkib hissəsidir. İtaliya üçün Azərbaycan etibarlı
təchizatçı, Azərbaycan üçün isə İtaliya Avropa bazarına əsas çıxış nöqtəsidir.
İki ölkə arasında münasibətləri yalnız enerji ilə məhdudlaşdırmaq artıq mümkün deyil. Meloninin
səfəri göstərdi ki, əməkdaşlıq sürətlə şaxələnir. Gündəliyə investisiyalar, infrastruktur, təhsil və yeni
istiqamət kimi hərbi-texniki əməkdaşlıq daxil edilir. Birgə layihələr və istehsal kooperasiyası ilə bağlı
müzakirələr tərəflər arasında etimadın artdığını göstərir. Bu kontekstdə Qarabağ mövzusu
münasibətlərin siyasi yetkinliyinin mühüm göstəricisinə çevrilib. İtaliya rəsmi olaraq Avropa
yanaşmasına sadiq qalaraq hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və sülh prosesinə
üstünlük verib. Lakin Romanın real siyasəti daha praqmatikdir və faktlara əsaslanır. Məhz bu
səbəbdən İtaliyanın Qarabağın bərpasında iştirakı xüsusi məna daşıyır. Bu gün İtaliya şirkətləri azad
edilmiş ərazilərdə həyata keçirilən layihələrdə aparıcı yerlərdən birini tutur. İnfrastrukturdan mühəndis
həllərinə qədər onlarla layihə icra olunur. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi
kimi, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib
və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl
yerlərdədir. Bu, artıq sadəcə iqtisadi iştirak deyil. Bu, yeni reallığın faktiki tanınmasıdır.
Xarici şirkətlər hər hansı ərazidə fəaliyyət göstərdikdə, bu, həmin ərazidə dövlətin
yurisdiksiyasının qəbul edilməsi deməkdir. Bu halda isə söhbət Azərbaycanın suverenliyindən gedir.
İtaliya yüksək səslə bəyanatlar vermədən postmünaqişə reallığını qəbul etdiyini praktik addımlarla
nümayiş etdirir. Eyni zamanda, bu yanaşma Avropanın regiondakı yeni iştirak modelini əks etdirir.
Rəsmi Roma siyasi bəyanatlardan çox iqtisadi diplomatiyaya üstünlük verir. İnvestisiyalar,
texnologiyalar və bərpa layihələrində iştirak uzunmüddətli təsirin əsas alətlərinə çevrilir. Belə ki, xanım
Meloninin Ermənistandan sonra Bakıya gəlməsi balans siyasətinin qorunduğunu göstərir. Lakin bu
balans artıq tərəflər arasında məsafə deyil, regiondakı real güc nisbətinin nəzərə alınması deməkdir.
Postmünaqişə mərhələsində isə əsas aktor məhz Azərbaycandır.
Əməkdaşlığın digər mühüm istiqaməti investisiyalardır. Azərbaycan Dövlət Neft Fondu İtaliya
iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bu isə münasibətlərin qarşılıqlı xarakter
daşıdığını göstərir. Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda Avropaya sərmayə qoyan
tərəfdaşdır. Humanitar sahə də diqqətdən kənarda qalmır. Bakıda İtaliya–Azərbaycan Universitetinin
açılması münasibətlərin gələcəyinə yönəlmiş strateji addımdır. Burada təhsil alan tələbələr gələcəkdə
iki ölkə arasında təbii körpü rolunu oynayacaqlar.
Nəticə etibarilə, Prezident İlham Əliyev və Ciorcia Meloni səviyyəsində keçirilən görüşlər
göstərir ki, Azərbaycan–İtaliya münasibətləri yeni mərhələyə daxil olur. Bu, enerji əməkdaşlığından
çoxşaxəli strateji tərəfdaşlığa doğru gedən əlaqələrdir. Əsas nəticə ondan ibarətdir ki, İtaliyanın
Qarabağda iştirakı ikinci dərəcəli məsələ deyil, baş verən dəyişikliklərin əsas indikatorudur. Roma
iqtisadi vasitələrlə regionda siyasi mövcudluğunu möhkəmləndirir, yeni reallığı qəbul edir və
Azərbaycanla tərəfdaşlığını daha da gücləndirir. Bu gün məhz belə bəyanatlardan çox real addımlara
əsaslanan yanaşma müasir geosiyasətin əsas xüsusiyyətinə çevrilir.
İbrahim Kərimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşı