1xeber.media xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir: "Ulu Öndərin milli məzmunlu, bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən kəskin fərqlənən iki mərhələni - həm SSRİ dönəmini, həm də müstəqillik illərini əhatə edir. Şübhəsiz ki, o, fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən böyük tarixi nailiyyətlərə imza atmışdır. Heydər Əliyevin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəm inkişaf və sabitlik dövrü kimi xarakterizə olunur. Ümummilli Lider ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini və davamlı sosial-iqtisadi inkişafı təmin etməklə müasir, hüquqi və demokratik dövlət quruculuğuna nail oldu. Digər tərəfdən, müstəqilliyin ilk illərində təcrid vəziyyətində olan Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi qarşıdan duran bir çox mühüm strateji hədəflərin gerçəkləşməsini şərtləndirdi. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi - cənab İlham Əliyev yerinə yetirdi. Şanlı Zəfər qazanaraq öz ərazi bütövlüyünü və mütləq suverenliyini təmin edən qalib Azərbaycan dövləti bu gün dünya azərbaycanlılarının qürur mənbəyi, ümid və güvənc yeridir".

Natiq qeyd edib ki, Ulu Öndərin çoxşaxəli siyasətinin prioritet istiqamətlərindən biri də xalqımızın zəngin mədəni irsinin, tarixi ənənələrinin və milli dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi olmuşdur: "Ümummilli Lider incəsənətə və mədəniyyətə xüsusi önəm göstərərək bu sahələrin inkişafını dövlət siyasətinin mühüm tərkib hissəsi kimi müəyyənləşdirmişdir. Müdrik dövlət xadiminin mədəniyyət və incəsənət xadimləri ilə mütəmadi görüşlər keçirməsi onların yaradıcı fəaliyyətlərinə böyük stimul olmaqla milli mədəniyyətimizin inkişafına təkan vermişdir. Ulu Öndərin müəyyən etdiyi mədəniyyət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli-mədəni irsimizin qorunması və dünyada tanıdılması istiqamətində mühüm layihələr həyata keçirir. Fondun irəli sürdüyü təşəbbüslər cəmiyyətimizin yaradıcı və intellektual potensialının inkişafına, mənəvi dəyərlərin qorunub yaşadılmasına və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət göstərir. Xüsusilə qeyd olunmalıdır ki, muğam sənətinin beynəlxalq səviyyədə tanıdılması ilə əlaqədar görülən işlər Azərbaycanın mədəniyyət diplomatiyasının çox mühüm istiqamətlərindən biri kimi böyük əhəmiyyətə malikdir".

Tahir Budaqovun sözlərinə görə, Azərbaycanın zəngin mədəniyyət ənənələrinin yaşadılmasında və inkişaf etdirilməsində təhsil müəssisələrinin rolu danılmazdır: "Bakı Xoreoqrafiya Akademiyası bu prosesdə önəmli rol oynayır. Zəngin ənənələrə malik olan bu təhsil ocağı ölkəmizə çoxsaylı görkəmli incəsənət xadimləri bəxş etmişdir. Burada yetişən gənc istedadlar Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil edərək mədəniyyətimizin daha geniş miqyasda tanınmasına, ölkəmizin nüfuzunun artmasına önəmli töhfələr verirlər. Akademiyanın müəllim və tələbə heyətinin fədakar əməyi yüksək qiymətə layiqdir".

"Bu gün həm müstəqillik dövrünün, həm də çoxəsrlik tarixinin zirvə hadisələrinə şahidlik edən qədirbilən Azərbaycan xalqı Ümummilli Liderin misilsiz xidmətlərini olduqca yüksək qiymətləndirir. Heç şübhəsiz, Ulu Öndərin zəngin dövlətçilik irsi bundan sonra da ölkəmizə böyük uğurlar qazandıracaqdır" , - deyə T.Budaqov əlavə edib.

Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Azərbaycanın Əməkdar artisti Nailə Məmməd-Zadə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev incəsənətə daim önəm verən bir şəxsiyyət olub: “Xoreoqrafiya isə onun xüsusi diqqət mərkəzində idi. Hazırda Bakı Xoreoqrafiya Akademiyası adı altında fəaliyyət göstərən bina məhz Onun sayəsində tikilib. Heydər Əliyev incəsənət xadimlərimizə xüsusi diqqət göstərib, onların fəaliyyətini yüksək qiymətləndirib. Bu şəxsiyyətlər sırasında Azərbaycan xoreoqrafiya sənətində öz sözünü demiş görkəmli xoreoqraflar Qəmər Almaszadə, Leyla Vəkilova, Əminə Dilbazi, Əlibaba Abdullayev və başqalarının adlarını qeyd etmək olar”.

Nailə Məmməd-Zadə qeyd edib ki, Azərbaycan xoreoqrafiya sənətinin inkişafına böyük maraq göstərən Heydər Əliyev işinin çoxluğuna baxmayaraq, müxtəlif tədbirlərdə iştirak edirdi: “Onun bu sahəyə diqqəti Azərbaycan cəmiyyətində xoreoqrafiya sənətinə marağın artmasına da təsir edirdi. Heydər Əliyevin rəhbərliyi dövründə balet sənətinə göstərilən qayğı bu sahənin inkişafına böyük kömək edib. Onun verdiyi qərarlar, sənət adamlarına göstərdiyi diqqət  xoreoqrafiya sənətinin inkişafında mühüm rol oynayıb. Belə ki, balet sənəti nümayəndələrinə mükafatlar verilməsi, təqaüd ayrılması onları daha da ruhlandırıb. Sənətkarların yubiley və xatirə gecələrinin keçirilməsi, onların irsinin yaşadılması daim Ulu Öndərin diqqət mərkəzində olub. Heydər Əliyev milli xoreoqrafiya sənətinin inkişaf etdirilməsi üçün görülən tədbirlərə nəzarət edir və öz dəyərli tövsiyələrini verirdi. Gəlin, biz də bu dəyərləri qoruyaq, mədəniyyətimizi sevək və onu gələcək nəsillərə ötürək. Bu, böyük şəxsiyyətin xatirəsinə ən gözəl hörmətimiz olar. Heydər Əliyevin dediyi kimi, yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaradacaq, həmişə inkişaf edəcək”, - deyə Nailə Məmməd-Zadə vurğulayıb.

Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxışında Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb. Onun sözlərinə görə, Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqda aqrar respublikadan sənaye respublikasına çevrildi, qısa müddətdə ön sıralara çıxdı.

Z.Səmədzadənin fikrincə, 1970-ci illərdə yaradılmış elmi-texniki istehsal potensialı olmasaydı, bu gün müstəqil Azərbaycan çoxlu çətinliklərlə üzləşə bilərdi: “Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdıqda respublikanı ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, geosiyasi şəraitinə, milli mənafelərinə uyğun inkişaf strategiyası hazırladı, düşünülmüş və sistemli tədbirlər həyata keçirdi, beynəlxalq təşkilatlarla, inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşması, iqtisadi islahatların aparılmasını prioritet vəzifələr kimi müəyyən etdi. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır”.

Natiq qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. Onun sözlərinə görə, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlətimiz dünyada söz sahibidir: “Bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin dinamik inkişafını yüksək qiymətləndirirlər. Bütün bu uğurların əsasında Heydər Əliyev siyasəti dayanır”.

Çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski Azərbaycanın tərəqqisində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, hələ SSRİ dövründə ölkəmizin yüksəlişini təmin edən Ulu Öndər müstəqilliyin bərpasından sonra yenidən siyasi hakimiyyətə gəldikdən sonra xalqımıza böyük uğurlar qazandırdı.

Vaqif Şadlinski qeyd edib ki, bu gün möhtəşəm Zəfərin təməlində Heydər Əliyevin böyük əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var: “Ulu Öndər Heydər Əliyev bütün varlığı, bilik və bacarığı ilə xalqına, torpağına bağlı dahi şəxsiyyət idi. Onun sayəsində Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ulu Öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini daim uca tuturuq. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir”.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir konsert proqramı ilə davam edib. YAP Nəsimi rayon təşkilatı Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbir keçirdi - FOTOLARYAP Nəsimi rayon təşkilatı Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbir keçirdi - FOTOLARYAP Nəsimi rayon təşkilatı Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbir keçirdi - FOTOLARYAP Nəsimi rayon təşkilatı Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbir keçirdi - FOTOLARYAP Nəsimi rayon təşkilatı Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbir keçirdi - FOTOLARYAP Nəsimi rayon təşkilatı Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbir keçirdi - FOTOLARYAP Nəsimi rayon təşkilatı Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbir keçirdi - FOTOLAR