Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılıb.
1xeber.media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə səsləndirib.
"Şuşanın işğaldan azad olunması ilə faktiki olaraq Ermənistan ordusunun beli qırılmışdı. Ermənistan silahlı qüvvələri faktiki olaraq mühasirədə qalmışdı", - Prezident bildirib və əlavə edib ki, o vaxt müharibənin dayandırılması Kəlbəcər, Laçın, Ağdam rayonlarının qan tökülmədən qaytarılmasını təmin edib:
"O vaxt müharibənin dayandırılması bizə imkan verdi ki, bizə imkan verdi ki, qan tökülmədən Kəlbəcər, Laçın, Ağdam rayonlarını siyasi yollarla, faktiki olaraq ultimatum yolu ilə qaytara bilək. Ultimatum da ondan ibarət idi ki, əgər Ermənistan qısa müddət ərzində, faktiki olaraq bir ay, ondan da az müddət ərzində bu torpaqlardan çıxmasa, Qarabağda qalmış bütün erməni silahlı qüvvələri məhv ediləcək. Əmr də verilmişdir və 15 minlik erməni silahlı qüvvələrinin kontingenti məhv olunacaqdı. Məhz buna görə Ermənistan, yenə də deyirəm, bizim tələblərimizə uyğun Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmışdı.
Burada heç bir başqa amil yox idi, heç bir kənar qüvvə onlara təzyiq etmirdi, ancaq bizim sərt mövqeyimiz. Nəzarətdən kənarda qalan hissə də gec-tez bizə qayıtmalı idi, amma o tez oldu, nəinki gec. Yenə də güclü iradə, peşəkarlıq və 2023-cü ilin sentyabrına qədər görülmüş taktiki işlər, addımlar, hərbi əməliyyatlar - bütün bunlar zəmin hazırladı ki, antiterror əməliyyatı cəmi bir neçə saat davam etsin. Ermənistan ordusu ikinci dəfə təslim oldu, separatçılığa son qoyuldu, işğala son qoyuldu və biz suverenliyimizi tam bərpa etdik.
Bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir - məktəblərdə, ailələrdə, cəmiyyətdə. Bu parlaq tariximiz bizim qürur mənbəyimizdir, bu, əbədi belə olacaq".