Вернуться назад Распечатать

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümünə silsilə tədbirlər həsr edib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

AKTİ-dən 1xeber.media-ya bildirilib ki, Azərbaycan Könüllüləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla anıblar.

Ölkənin aparıcı könüllü təşkilatlarında fəaliyyət göstərən könüllülər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya zamanı könüllülərə Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında ətraflı məlumat verilib.

Silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Azərbaycan Könüllüləri tərəfindən ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq, Ümummilli Liderin təbiətə, ekologiyaya qayğı ənənələrini yaşatmaq olub.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllüləri Azərbaycanın siyasi və dövlət xadimi, diplomat və tarixçi Həsən Həsənovla görüşüblər. Görüşdə Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşması, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxladığı vurğulanıb. Qeyd edilib ki, gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev gəncləri ölkənin gələcəyi hesab edir, onların hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayırdı. Könüllülük hərəkatı məhz Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirib.

Bu gün onun əsasını qoyduğu uğurlu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Könüllüləri də bu siyasətin fəal iştirakçıları kimi dövlətə və xalqa xidmət prinsiplərinə sadiq qalır, ictimai fəallıqları ilə bu siyasətə öz töhfələrini verirlər.