Pakistan müharibədən öncə İran hərbi təyyarələrinin ölkənin "Nur Xan" strateji aviabazasında gizli şəkildə yerləşdirilməsi barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı "CBS News" telekanalı mənbələrinə istinadən yayıb.
İddia olunur ki, İranın "RC-130" kəşfiyyat təyyarəsi də daxil olmaqla bir neçə hərbi təyyarəsi Ravalpindi yaxınlığındakı bazaya köçürülüb. Həmçinin, bəzi mülki təyyarələrin təhlükəsizlik məqsədilə Əfqanıstana göndərildiyi bildirilirdi. ABŞ rəsmilərinin fikrincə, bu addım regional gərginlik fonunda İranın aviasiya aktivlərini mümkün zərbələrdən qorumaq məqsədi daşıyıb.
Lakin Pakistan Xarici İşlər Nazirliyi və "Taliban" hərəkatı bu iddiaları təkzib edərək, bu cür məlumatların yalan olduğunu bildiriblər.
İslamabad hesab edir ki, "Daily Pakistan" nəşrinin də diqqət çəkdiyi bu cür xəbərlərin məqsədi Yaxın Şərqdə sülh səylərini və Pakistanın Tehran-Vaşinqton arasındakı vasitəçilik rolunu sarsıtmaqdır.
Pakistan XİN-dən verilən rəsmi açıqlamaya görə, "Nur Xan" bazasına eniş edən İran və ABŞ təyyarələri yalnız danışıqların təşkili məqsədilə diplomatik heyəti, təhlükəsizlik xidməti əməkdaşlarını və inzibati personalı daşıyıb.

